Keçmiş sovet, bugünkü Avropa ölkəsi olan Litvada yüzlərlə azərbaycanlı məskunlaşıb. Rəqəmlərlə danışsaq, onların 679 nəfəri buradakı həyatlarını Litva vətəndaşlığına keçərək, elə bir o qədəri də Azərbaycan vətəndaşı olaraq davam etdirir. Həmvətənlərimizi milli bayramlarda, tarixi günlərdə bir yerə toplayıb ənənələrimizi yaşadanlar isə, adətən, orada diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan cəmiyyətləri olur. Belə cəmiyyətlərdən birini də 2004-cü ildə Sadıq Nurullayev yaradıb. Onun sədrlik etdiyi assosiasiya bu gün təkcə milli dəyərlərimizin qorunması ilə kifayətlənmir, Azərbaycanın tarixi həqiqətlərinin doğru şəkildə dünyaya çatdırılması istiqamətində səy göstərir.
“Report” Litvadakı “Günəş” Azərbaycanlılar Assoasiasiyasının sədri Sadıq Nurullayev ilə müsahibəni təqdim edir:
- Sadıq bəy, “Günəş” Assosiasiyasınını yaratmağa necə qərar verdiniz? Hansı zərurətdən bu addımı atdınız və həmin vaxt təşkilatı yaratmaqda kimlər sizə dəstək oldu?
- Vaxtilə Litvada azərbaycanlıların sadəcə bir cəmiyyəti olub.1988-ci ildə Mahir Həmzəyevlə birlikdə Litva Azərbaycanlıları Cəmiyyətini yaratmışıq. Lakin sonra işlər dəyişdiyi, Mahir Həmzəyevin fəaliyyət istiqaməti mənə uyğun gəlmədiyi üçün cəmiyyətdən ayrıldım. 2006-cı ildə də azərbaycanlılarla birlikdə “Günəş” Assosiasiyasını yaratdıq və məni sədr seçdilər. Bildirim ki, burada heç kimdən asılı deyiləm, heç kimdən qəti şəkildə maliyyə yardımı almıram. Bu gün ona görə fəaliyyət göstərirəm ki, azərbaycanlıyam.
- Burada səfirliyimiz və digər cəmiyyətlərlə əlaqələriniz necədir?
- Hazırkı səfir yaxşı adamdır, bir dəfə görüşmüşəm, vətənpərvər biri olduğunu düşünürəm. Amma ümumilikdə, bütün dövrlərə nəzər saldıqda səfirliyimizin fəaliyyəti məni o qədər də qane etməyib. Bilirsiniz, əslində, bu da normaldır, çünki səfirlər gəlib iki-üç il qalıb gediblər, bu yaddaqalan iş görmək üçün az vaxtdır. Azərbaycanın Litvada üç səfiri olub - Nairə Şahtaxtinskaya, Həsən Məmmədzadə, Tamerlan Qarayev. Fəaliyyətindən ən razı qaldığım Şahtaxtinskaya olub, ancaq əvvəldə də dediyim kimi Tamerlan Qarayev də yaxşı səfirdir. Hazırda səfirliyimizlə bağlı bəyənmədiyim şey tədbirlərin təşkili ilə bağlıdır. Cəmiyyətlərə gəldikdə isə Həmzəyevin cəmiyyəti istisna olmaqla bütün cəmiyyətlərlə əlaqəm var.
- Qısa müddət əvvəl Xocalı soyqırımı ilə bağlı səfirliyimiz tədbir təşkil etmişdi, elə siz də ordaydınız, hətta çıxış elədiniz.
- Elə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbiri bəyənmədim. Hesab edirəm ki, tədbir keçirəndə zallar dolu olmalıdır, şəhər sovetindən, prezident administrasiyasından nümayəndələr qatılmalı, deputatlar həmin tədbirin iştirakçısı olmalıdır.
- Bir az da öz cəmiyyətinizin fəaliyyətindən danışaq. Hazırda assosiasiyanın nə qədər üzvü var?
- Hər il onlarla azərbaycanlı sıralarımıza qatılır, onlar cəmiyyətimizi yaxından tanıyırlar, sadəcə bunu üzvlük adlandırmazdım, çünki biz partiya deyilik. Bir cəmiyyət kimi tədbirlər təşkil edir, birlik yaradır, azərbaycanlıların da nəyə ehtiyacı olursa, əlimizdən gəldiyi qədər dəstək olmağa çalışırıq.
- Elə mən də haqqınızda araşdırma edərkən daha çox Litvada Azərbaycanın milli bayramları barədə tədbirlər təşkil edib həmvətənlərimizi bir yerə toplamağınız xəbərlərinə rast gəldim. Başqa hansı məsələlər Assosiasiyanın fəaliyyətinin ana xəttini təşkil edir? Məsələn, üç il əvvəl Vətən müharibəsini yaşadıq. Həmin vaxt “Günəş”in informasiya cəbhəsindəki yeri nədən ibarət oldu və indi nədən ibarətdir?
– Bəli, əvvəllər bayram tədbirləri çox təşkil edirdik. Amma son iki-üç ildir artıq azaltmışam. Tədbirləri sadəcə 30-40 nəfər üçün keçirirəm. Qarabağ məsələsinə gəldikdə isə daima Qarabağ haqqında bütün materialları ingilis dilinə, Litva dilinə tərcümə etdirib buradakı 140 deputata göndərmişik.
Vaxtilə Litvanın 11 deputatı Parlamentdə "Litva-Qarabağ əlaqələri" qrupu yaratmışdı. Dərhal Litva Prezidentinə məktub yazdıq ki, deputatlar hansı ixtiyarla belə bir qrup yaradıb? O qrupu ləğv elətdirdik. Cəmiyyətimiz yaxınlarda hərbi jurnalist Riçardas Lapaitisin Xocalı həqiqətlərinin dünyaya çatdırması üçün Vyanaya getməsinə imkan yaratdı.
Ermənilər gəlib səfirliyimizin qabağında aksiya keçirmişdi, həmin dəqiqə 300 nəfər toplayıb Ermənistan səfirliyinin qarşısında daha böyük aksiya keçirdik. Fəaliyyətimiz, ümumilikdə, bu şəkildədir.
- Hazırda Litvada neçə azərbaycanlı ailə yaşayır və ya ümumiyyətlə, nə qədər azərbaycanlı məskunlaşıb, bu barədə məlumatınız varmı?
- Təxminən yeni gələnlərlə birlikdə mindən çox azərbaycanlı yaşayır. Elə təkcə tikinti sektorunda 700-800 azərbaycanlı var, 500-ə yaxın tələbəmiz var, elə insanlar var ki, heç varlıqlarının bilinməyini istəmirlər.
- Təxminən 10 il əvvəl verdiyiniz müsahibələrinizdən birində qeyd etmisiniz ki, Litvada hətta çempionatlarda çıxış edən və Litvanı yarışlarda təmsil edən azərbaycanlılar var. İndi vəziyyət necədir? Azərbaycanlılar Litvada, əsasən, hansı peşə və vəzifələrə yiyələniblər?
- Bəli, güləşçilərimiz, boksçularımız vardı, indi də var. Burda bizim yaxşı professorlarımız, həkimlərimiz də fəaliyyət göstərir.
- Azərbaycanlı gənclər barədə məlumatlısınızmı? Onlarla görüşlər təşkil edirsinizmi?
- Bəli, onları daim nəzarətdə saxlayırıq. Hətta bəzən heç valideynlərinin də mənim o uşaqları diqqətdə saxladığımdan xəbəri olmur. Düzü, şəxsi olaraq burada bir çox məktəbə, baxçaya dəstək oluram. Ona görə də məktəblərin hamısı ilə, demək olar ki, əlaqəm var. Azərbaycanlı uşaqlarla bağlı mütəmadi məlumat alıram, hansı uşağı ki, müəllimləri çox savadlı hesab edir, ona şəxsən nəzarət edirəm. Həmçinin tələbələrlə də maraqlanıram. Azərbaycanın imicini qaldırmaq üçün bu uşaqlara ehtiyacımız var, onların yetişməsinə, irəli getməsinə kömək olmalıyıq.
Bir maraqlı hadisəni də danışım. Buradakı tələbələrin bir xasiyyəti vardı - hansı imtahandan keçə bilmirdi, aşağı qiymət alırdısa, mənə zəng edib kömək istəyirdi. Daha cana doymuşdum (gülür). Bir gün hamısını yığdım bir yerə, dedim stolun üstü doludur, yeyin-için, amma bundan sonra məndən təhsillə bağlı heç nə xahiş etməyin, oxuya bilmirsinizsə, gəlməyin. Oxuya bilmirsinizsə, bilet pulunuzu da verirəm, çıxın qayıdın ölkəyə. Ondan sonra əl çəkdilər. Yorulmuşdum daha, həftədə üç-dörd dəfə universitetə getməkmi olar? (gülür).
- Gələcək hədəfləriniz barədə də məlumat almaq istərdik.
- Hazırda şəhər sovetinə mer seçkisinə qatılmışam. İstəyirəm orda da adımız olsun. Hələlik yaxın gələcəklə bağlı niyyətim budur.
- Vaxt ayırıb suallarımı cavablandırdığınız üçün təşəkkür edirəm!