Almaniyada Koblenz Azərbaycan Mədəniyyət və İdman Cəmiyyətinin yeni idman klubunun açılışı baş tutub.
“Report”un Avropa bürosunun məlumatına görə, idman klubunun açılışı “Zəfər bayramı”na həsr olunub.
Koblenz şəhəri və ətrafında yaşayan idmançılar üçün nəzərdə tutulan klubun açılışında Almaniyanın müxtəlif yerlərində yaşayan həmvətənlərimiz iştirak ediblər.
Mərasim Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin oxunması ilə başlayıb.
Klubun rəhbəri, uzun illərdir Almaniyada idman sahəsində peşəkar güləş hakimi kimi fəaliyyət göstərən Eldar Bayram bildirib ki, bundan sonra peşəkar yarışlara daha çox idmançı hazırlaya biləcəklər:
“Bu gün bizim üçün çox qürurverici gündür. Həm Azərbaycan torpaqlarının düşmən işğalından azad olunmasının ildönümünü, həm də uzun illərdir arzusunda olduğumuz klubumuzun açılışını qeyd edirik. Artıq Koblenz Azərbaycan Mədəniyyət və İdman Cəmiyyətinin özünün idman klubu var. Öz klubumuzun olması bizə çox üstünlük verəcək. İdmançılarımızı peşəkar yarışlara rahat bir şəkildə hazırlaya biləcəyik. Bu idman klubunun yaranmasında bizə dəstək olan hər bir şəxsə, xüsusilə Koblenzdə yaşayan həmvətənlərimizə təşəkkür edirəm”.
Tədbir “Zəfər bayramı”na həsr olunmuş konsert proqramı ilə davam edib.