Tanınmış kinorejissor, rəssam, ssenari müəllifi, quruluşçu rəssam Şamil Nəcəfzadə çox maraqlı insan, həm də gözəl müsahibdir. Onun haqqında çox danışmaq olar, amma ən dolğun məlumatı heç şübhəsiz, çəkdiyi “Leyli və Məcnun”, “Qala”, “Sonra – Sabah”, “Üfüqü ötənlər” və bir çox başqa filmlər verir. Hazırda ABŞ-da yaşayan Şamil müəllim “Report”a verdiyi müsahibəsində Marilandın Bethesda yaşayış məntəqəsindəki məşğuliyyətləri, çəkməyi arzuladığı filmlər, Şuşanın azad olunması xəbərini necə qarşıladıqları barədə söhbət açıb.
- 1994-cü ildə qaçqın-köçkünlərin yaşadığı çadır düşərgələri haqqında nikbinliklə yoğrulan film çəkdiniz. Həmin film bizə qələbəyə inam aşılasa da, o qələbəni uzun illər gözləməli olduq. İşğal altındakı torpaqlarımızın azad edilməsi, Ermənistanın təslim olunması xəbərini necə qarşıladınız?
- Həmin 44 gün ərzində hamımız gecə-gündüz telefonu əldən qoymur, cəbhədən həsrətlə xəbər gözlədiyimiz üçün gözümüzə yuxu da girmirdi. Həmin xəbərləri hava, su kimi gözləyirdik. İgid əsgərlərimiz tərəfindən daha bir şəhərin, kəndin azad olunmasını, üçrəngli bayrağımızın dalğalandırılmasını eşitmək sözlə ifadə olunmaz sevinc bəxş edirdi bizə. Şuşanın azad olunması xəbərini isə eşidən kimi, elə həmin an ailəliklə - o gün Bakıdan böyük qızımgil də gəlmişdilər və Marilandda yaşayan başqa azərbaycanlılarla yığışıb yarımsaatlıq məsafədə, qonşu Virginia ərazisində yerləşən “Baku Delicious in Virginia” dükanına yollandıq. Həmin dükanın sahibi soydaşımız Sevda Tahirli İkinci Qarabağ müharibəsi günlərində yaralı döyüşçülərimizin, şəhid ailələrinın nəfinə maliyyə vəsaiti, dinc şəhərlərdə Ermənistanın raket hücumları nəticəsində ev-eşiyindən olanlar üçün isti geyim, yorğan-döşək, uşaqlara hədiyyə toplanıb göndərilməsini təşkil edirdi. Sevda xanım Vətənə ərzaq göndərmək üçün də xeyli zəhmət çəkib. O gün Şuşanın azad olunması xəbərinin yayıldığı səhərdən “Baku Delicious”da çoxlu adam toplaşmışdı, əsl bayram ab-havası vardı: biz oxuyur, rəqs edirdik, ətrafda Azərbaycan bayraqları asılmışdı. O qələbədən sonra təkcə biz yox, məncə millət olaraq hamımız mənən dikəldik. Bəli, o işğal uzun illər davam etdi, amma ordumuzun sıravi əsgərdən tutmuş generalınadək igidliyi, rəşadəti, qəhrəmanlığı bizə mümkünsüz gələni gerçəkləşdirdi. Ona görə də hamımız onların qarşısında əbədi borcluyuq.
Vaxtilə Moskvada keçirdiyiniz tələbəlik illərini dözülməz vaxtlar kimi xatırlamısınız. Vətənə bu dərəcədə bağlı olan bir insan kimi ABŞ-a köçməyinizin səbəbləri, oradakı məşğuliyyətiniz barədə eşitmək maraqlı olardı.
Əvvəla, Azərbaycandan heç də mühacirətə getməmişəm. İki böyük qızım Bakıda yaşayırlar. Kiçik qızım Məryəm Bakıda Xoreoqrafiya Akademiyasını bitirəndən sonra Amerikada işləmək istədi. Biz Məryəmlə, yoldaşımla bir yerdə bunun xoreoqrafiya üçün geniş imkanlar olduğu Amerikaya getdik. Məryəm haqlı imiş. İndi o, Atlantik sahillərində ən üzdə olan teatrlardan “Synetic Theatre”ın primasıdır. Biz də onun yanında olmaq, mümkün qədər kömək etmək qərarına gəldik. Beləliklə altı ilə yaxındır buradayıq. Bakıda Xoreoqrafiya Akademiyasında aktyorluqdan dərs etmiş yoldaşım teatr studiyası açdı, bu yaxınlarda Vaşinqtonda keçirilən teatr festivalında onların tamaşası baş mükafata layiq görüldü. Özümün isə balaca bir sənədli filmlər studiyası, bir də yuxarı sinif şagirdləri üçün kino məktəbim var, onlara kino istehsalının, dramaturgiyanın əlifbasını öyrədirəm. Həmin məktəbdə keçmiş SSRİ-dən gələnlərin övladları məşğul olur. Əslində iki emalatxanam var, birində cizgi, o birisində də bədii film istehsalı öyrədilir. Yəni uşaqlar səsləndirmədən tutmuş montaja qədər cizgi film istehsalının bütün mərhələlərini öyrənir. Daha bir istiqamət də qısa metrajlı oyun filmləri hazırlamaqdır. Burada uşaqlar ssenarini də özləri tərtib edir, operator, rejissor, aktyor işlərini də özləri görür, hər hansı bir əhvalat əsasında ssenari yaratmağı öyrənirlər. Həmin uşaqlar peşəkar müsabiqə və festivallarda belə iştirak edirlər. Son iştirak etdiyimiz Moskva festivalında uşaqlarımız sənədli filmə görə birinci dərəcəli, bədii filmə görə də ikinci dərəcəli diploma layiq görüldülər.
- Yaradıcılıq planlarınız barədə adət naminə yox, Vətəndə yaradıcılığınıza böyük maraq olduğu üçün sual verirəm. “Leyli və Məcnun” opera filminiz Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olub.
- Hələ Bakıda ikən də, sonrakı dövrdə də xeyli sayda layihələr, planlar yaranıb, hamısı da Azərbaycanla bağlıdır. Doğma ölkədə dostarla, həmkarlarla əlaqələrimiz davam edir. 2019-cu ilin dekabr ayında rəhmətlik atam, SSRİ və Azərbaycan SSR dövlət mükafatları laureatı, xalq rəssamı Kamil Nəcəfzadənin 90 illiyi münasibətilə Bakıda olmuşdum. Film istehsalına ayrılan vəsait heç olmasa 2012-2014-cü illər səviyyəsinə çatdırılsa, məmnuniyyətlə geri qayıdıb planlarımı həyata keçirməyə başlayaram. Həmin planlar arasında ciddi maliyyə ayrılmalı olan iki bədii film layihəsi də var. Həmin layihələr çoxdandır beynimdə olsa da, köhnəlməyib. Niyə? Birincisi, tarixi filmlərdir. İkincisi, ötəri konyunktur mövzuları deyil. Həmin filmlərdən birində Üzeyir bəyin bir tələbəsi Böyük Vətən müharibəsi ərəfəsində aspiranturaya daxil olmaq üçün Leninqrada gedir, amma müharibə başladığına, şəhər mühasirəyə düşdüyünə görə orada qalmalı olur, mühasirənin əzab-əziyyətlərinə qatlanır, Nizami yubileyi münasibətilə Ermitajda keçirilən tədbirdə iştirak edir. Bu filmdə doğma həyatdan qoparılaraq fövqəladə şərtlər altında yaşamaq məcburiyyətində qalmış azərbaycanlının şəxsiyyəti, mənəviyyatı açılıb göstəriləcək.
İkinci layihə Məhsəti Gəncəviyə həsr olunmuş bədii filmdir. Vaxtilə Məhsəti haqqında “Sirli bənövşə” adlı sənədli film çəkmişəm. Ondan on il əvvəl isə Məhsətinin portretini çəkmişəm. Sonradan bədii film çəkmək fikrinə gəldim. Orada təkcə böyük şairəni yox, həm də azərbaycanlı xarakterini, əsrlər boyu təşəkkül tapmış azərbaycanlı mentalitetini təsvir etmək istəyirəm. O vaxt “Sirli bənövşə”ni Yunanıstana aparıb UNESCO mükafatını aldığımızı xatırlayıram. Onlar azərbaycanlı, müsəlman qadının bu qədər azad düşüncəli, dini mövhumata qarşı barışmaz olmasına, azadlıq şerləri yazmasına, bütün bunlardan sonra da başına heç bir iş gəlməməsinə heç cür inana bilmirdilər. O filmdə də, indi çəkmək istədiyim bədii filmdə də Azərbaycan xalqı, onun mentallığı, xarakteri, həmçinin onun başbilənləri, hökmdarları tamamilə fərqli nöqteyi-nəzərdən təsvir olunur və olunacaq. Məshətinin bədii kimliyi ortaya çıxarılıb, amma tarixi sənədlər əsasında çıxarılıb. Filmin elmi məsləhətçisi Zöhrə Allahverdiyevanın Məshəti haqqında elmi əsərindən də çox istifadə etmişəm. Azərbaycan alimləri mövcud tarixi sənədlər əsasında Məhsəti surətini, təsvirini zərrə-zərrə yaradıblar. Odur ki, böyük şairəmizin surəti nə qədər bədidi olsa da, həm də tarixidir.
Bəli, bu gün müharibədən yenicə çıxmışıq, ermənilərin dağıdıb viran qoyduqları şəhər və kəndlərimiz bərpa olunmalıdır, bunun üçün də külli miqdarda vəsait gərəkdir. Amma eyni zamanda dünya ictimaiyyətinə xalqımızı, onun tarixini, mənəvi dəyərlərini, qəhrəman bildiyi, ehtiram göstərdiyi tarixi şəxsiyyətlərini doğru tanıtdırmaq da mühüm vəzifəmizdir. Bu mənada xüsusi əhəmiyyətə malik olan kino sənəti ictimai düşüncəyə müstəsna təsir göstərmək iqtidarındadır. Belə ki, planlar çoxdur. Qaçqınlara həsr etdiyim “Sonra – Sabah” filmindən sonra bir növ davamı kimi “Müharibənin övladları” filmini çəkmişdim. Həmin filmdə Xocalıdan, Kəlbəcərdən, ermənilər tərəfindən işğal olunmuş başqa rayonlardan məcburi köçkünlər həyatlarından danışır, başına gələnlərə baxmayaraq həyatda nail olduqlarından söhbət açırlar. Sonra isə Bakıdakı Xocalı qurbanlarının abidəsi qarşısında “döyüşüb torpaqlarımızı qaytarmaq istəyirik” deyirlər. İndi həmin torpaqlar artıq qaytarılıb və bu barədə də söhbət açılmalıdır. Qarabağda qazandığımız böyük qələbədən sonra düşündüyüm filmdə bütün bunların ta XIX əsrdən neçə başladığı göstəriləcək.
Elyanora Abbasquliyeva