Prezident İlham Əliyev Bakıdakı yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Bakıdakı yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb Yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını təmin edilməlidir
Daxili siyasət
19 May , 2015 18:05
Prezident İlham Əliyev Bakıdakı yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb

Bakı. 19 may. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncamda deyilir ki, mayın 19-da Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, nəticədə həlak olanlar və yaralananlar var.

Baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradılması qərara alınıb.

Komissiyanın sədri:

Abid Şərifov - Azərbaycan Respublikasının baş nazirinin müavini

Komissiyanın üzvləri:

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Zakir Qaralov - Azərbaycan Respublikasının baş prokuroru

Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Səlim Müslümov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Hacıbala Abutalıbov - Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməli, baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını təmin etməli, hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etməli, yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etməlidir. Komissiyaya yaşayış binasının istifadəyə yararlılıq vəziyyətini araşdırmaq və onun sakinlərinin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək, görülmüş işlər haqqında mütəmadi məlumat vermək də tapşırılıb.

Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidirlər.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi