Qırmızı Qəsəbənin yaradılmasının 290-cı ilinə həsr olunan sərgi keçirilib

Qırmızı Qəsəbənin yaradılmasının 290-cı ilinə həsr olunan sərgi keçirilib Dağ Yəhudiləri İrsi Mərkəzinin təşkilatçılığı ilə Quba rayonunda yerləşən Qırımızı Qəsəbənin yaradılmasının 290-cı il dönümü münasibətilə avqustun 16-da sərgi təşkil edilib.
Daxili siyasət
16 Avqust , 2024 15:41
Qırmızı Qəsəbənin yaradılmasının 290-cı ilinə həsr olunan sərgi keçirilib

Dağ Yəhudiləri İrsi Mərkəzinin təşkilatçılığı ilə Quba rayonunda yerləşən Qırmızı Qəsəbənin yaradılmasının 290-cı ildönümü münasibətilə avqustun 16-da sərgi təşkil edilib.

“Report”un Şimal bürosunun məlumatına görə, Dağ Yəhudiləri Muzeyində keçirilən sərgidə fəxri qonaq qismində gənclər və idman naziri Fərid Qayıbov, Quba rayonu icra hakimiyyətinin başçısı İlqar Mahmudov, eləcə də Qırmızı Qəsəbənin yəhudi icmasının nümayəndələri və İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Dağ Yəhudiləri Muzeyinin direktoru İgor Şaulov Qırmızı Qəsəbəyə və burada məskunlaşan yəhudi icmasına dövlət tərəfindən hər zaman xüsusi diqqət göstərildiyini, qəsəbənin inkişafı və yenidən qurulması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirib.

O, Qırmızı Qəsəbənin tarixinin, dağ yəhudilərinin müxtəlif dövrləri əhatə edən həyat tərzinin, maddi və mənəvi irsinin, mədəniyyətinin və ənənələrinin, o cümlədən, ölkənin sosial-iqtisadi həyatında öz fəaliyyətləri ilə seçilən qəsəbə nümayəndələri haqqında məlumatların, əlyazmaların, antik əşyaların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə 2019-cu ildən Dağ Yəhudiləri Muzeyinin yaradıldığını, hər il dövlət qurumlarının və xarici ölkələrin səfirliklərinin və təşkilatlarının iştirakı ilə silsilə tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb.

Quba rayon icra hakimiyyəti başçısının müavini Səidə Abasova Azərbaycanda hər zaman multikultural və tolerant dəyərlərə, ölkədə yaşayan ayrı-ayrı millət və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamasına, yerli əhali ilə inteqrasiyasına xüsusi önəm verildiyini vurğulayıb.

Qırmızı Qəsəbənin dünyada yəhudilərin İsrail və ABŞ-dan kənarda kompakt yaşadığı yeganə yerlərdən biri olduğunu deyən S.Abasova bu gün ölkə hüdudlarından kənarda yaşayan dağ yəhudilərinin nəinki qəsəbənin, bütün Azərbaycanın inkişafında və dünyada tanıdılmasında müstəsna rol oynadıqlarını qeyd edib.

Sərgi iştirakçıları Dağ Yəhudiləri Muzeyi ilə yaxından tanış olaraq Qırmızı Qəsəbəyə həsr olunan videoçarxı izləyiblər.

Son xəbərlər

Orphus sistemi