"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı olub.
“Report” xəbər verir ki, buraxılış Milli Məclisin deputatı, Qərbi Azərbaycandan deportasiya olunmuş Hikmət Məmmədovun “Həyat hekayəsi”nə həsr olunub.
O, Oğuz-türk yurdu olan Ağbaba mahalının Göllü kəndində doğulduğunu, ancaq 1988-ci ildə deportasiyaya məruz qalaraq Vətəni tərk etdiyini, ermənilərin indiki Ermənistana, həmçinin Ağbaba mahalına gəlişi, kənd və mahallarda törətdiyi hadisələrdən danışıb.
H.Məmmədov babasının ermənilər tərəfindən sürgün edildiyini xatırladıb və oğuz yurdunun tarixi, etnik tərkibi, toponimləri barədə söz açıb. O, erməni məkrliyi və düşmənçiliyi ilə bağlı özünün şahidi olduğu, ata-babalarından eşitdiyi, eləcə də xarici ölkələrə, beynəlxalq təşkilatlara səfərləri zamanı üzləşdiyi maraqlı faktları açıqlayıb.
Deputat Ulu Öndərin Azərbaycandan kənarda yaşayan soydaşlara həmişə həssaslıqla yanaşdığını, hazırda dövlət başçısının yürütdüyü siyasətin Qərbi azərbaycanlıların doğma yurda qayıdışını təmin edəcəyinə əminliyini söyləyib:
“Yeni tarixi mərhələdə milli vəzifəmiz ondan ibarətdir ki, biz Qərbi Azərbaycana - Zəngəzura, Göyçəyə, Ağbabaya, Şörəilə, Zəngibasara, Vedibasara, Dərələyəzə qayıdaq. Görürsünüzmü, saydıqca qurtarmaq olmur, yəni bütün Qərbi Azərbaycan bizim etno-siyasi coğrafiyamızdır. Sülh olacaqsa, bu, yalnız və yalnız Qərbi azərbaycanlıların öz Vətənlərinə qayıtmasından sonra baş tutacaqdır. Çünki orada yaşayan azərbaycanlılar etibarlı bir etimad körpüsü yaradacaqlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.