Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində anti-Azərbaycan mövqeyi nümayiş etdirənlərə qarşı açıq mesajlar ünvanlayıb
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O hesab edir ki, müsahibədə dövlət başçısının Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətləri ölkə ictimaiyyətinə çatdırdığını deyib:
“Beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan tək regional geosiyasi proseslərə deyil, həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına malikdir. Bütün bu proseslərin dəqiq, doğru-düzgün analiz edilib, yönləndirilməsində şəxsiyyət və lider amili olduqca mühüm əhəmiyyət kəsb edir".
Deputat vurğulayıb ki, Azərbaycanda bütün sahələri əhatə edən, davamlı inkişafa hesablanmış islahatların həyata keçirilməsində, ölkənin dünya siyasi səhnəsində nüfuzunun artmasında Prezident İlham Əliyevin sarsılmaz şəxsiyyəti, liderliyi mühüm əhəmiyyət kəsb edir.
“Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan-Ermənistan arasında münasibətlərlə bağlı bir çox nüanslara aydınlıq gətirib. O, Minsk qrupunun ləğv edilməsi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi kimi mühüm məsələləri qeyd edərək bildirib ki, bunlarsız sülh müqaviləsi mümkün deyil".
Deputat vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olmasına çalışır və bunun üçün irəli sürdüyü şərtlər tamamilə reallığa uyğundur:
“Ermənistan dünyada və regionda gedən geosiyasi prosesləri düzgün təhlil etməlidir. Sülh müqaviləsi imzalanmadan da Azərbaycan öz siyasətini həyata keçirə və məqsədlərinə nail ola bilər. Ermənistan isə getdikcə siyasi səhnədə təklənir. Onun havadarları siyasi arenadan biabırçılıqla silinirlər. Elə götürək, Fransanı və onun ermənilərdən daha çox erməni olmağa çalışdığı prezidenti Emmanuel Makronu. İkinci Qarabağ müharibəsində və ondan sonrakı proseslərdə davamlı olaraq Azərbaycana qarşı ittihamlar və cəfəng iddialar səsləndirmək Fransa siyasi hakimiyyətinin gündəlik fəaliyyətinin bir parçasına çevrilib".
T.Cəfərova qeyd edib ki, öz ölkələrinin daxili problemlərini həll etmək əvəzinə Qafqazda 10 milyon əhalisi olan Azərbaycana qarşı destruktiv mövqe nümayiş etdirmək görünür daxili problemlərini ört-basdır etməkdə onlara daha çox sərf edir.
"Bütün bunlara baxmayaraq, Azərbaycan Qafqazda sülh və əmin-amanlıq istəyir, heç bir ölkənin daxili işinə qarışmaq niyyətində deyil. İstəyimiz odur ki, heç bir ölkə bizə mane olmasın. Prezidentin də dediyi kimi “Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər”.
Müsahibədə Prezidentin Zəngəzur dəhlizinin açılmasına da toxunduğunu xatırladan deputatın fikrincə, Zəngəzur dəhlizi məsələsi 10 noyabr üçtərəfli Bəyanatının icra olunmayan bir bəndidir:
“Zəngəzur dəhlizində nəzərdə tutulan yolun tikintisi Azərbaycan tərəfindən başa çatdırılıb. Ermənistana da təklif olundu ki, öz üzərinə düşən yol tikintisini həyata keçirsin. Azərbaycan paralel olaraq İran ərazisində də belə bir yolun çəkilməsi ilə bağlı işlər aparır. Lakin Ermənistan Zəngəzur dəhlizinin açılmasından boyun qaçırır. Prezident İlham Əliyev müsahibədə bu məsələ ilə əlaqədar olaraq konkret mövqe nümayiş etdirib və bildirib ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır”.
Deputat əlavə edib ki, Prezident yerli televiziya kanallarına müsahibəsində ölkənin gələcək inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirməklə yanaşı, anti-Azərbaycan mövqeyi nümayiş etdirənlərə qarşı açıq mesajlar ünvanlayıb.
“Prezident yüksək səviyyəli siyasi kursun keyfiyyət göstəricilərini Azərbaycan xalqının nəzərinə çatdırdı. Şübhəsiz ki, bütün bunlar vətəndaşın dövlətə inamının daha da güclənməsində və xalq-dövlət birliyinin, həmrəyliyinin möhkəmlənməsində mühüm amillərdən biridir”, - T.Cəfərova diqqətə çatdırıb.