Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.
Ombudsman Aparatından “Report”a daxil olan bəyanatda deyilir:
"Erməni millətçilərinin xalqımıza qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri də 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir.
Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Bir çox qədim binalar, o cümlədən Bakının ən gözəl memarlıq abidələrindən olan İsmailiyyə binası, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları və ziyarətgahlar top atəşinə tutularaq dağıdılmış, Təzəpir məscidinin minarələri ağır zədə almış, Şamaxıda qədim Cümə məscidi yandırılmışdır.
Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. On minlərlə azərbaycanlı ermənilərin törətdikləri vəhşiliklərin qurbanı olmuşdur. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və talan edilmiş, qadın, uşaq və yaşlılar da daxil olmaqla, dinc əhaliyə divan tutulmuşdur. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 199 kənd yerlə-yeksan edilmiş, 132 min azərbaycanlı amansızlıqla qətlə yetirilmişdir.
1998-ci il mart ayının 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman əsasında azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasına siyasi-hüquqi qiymət verilmişdir. Martın 31-i hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Son illər bu istiqamətdə aparılan araşdırmalar nəticəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar edilmişdir. Həmin ərazidə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ermənilərin günahsız azərbaycanlılara qarşı vandalizm hərəkətlərini əyani sübutlarla özündə əks etdirir.
1918-ci ildə on minlərlə dinc insanın kütləvi şəkildə etnik və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilməsi, bu cinayət əməlinin öncədən planlaşdırılmış və mərhələli şəkildə həyata keçirilməsi, o cümlədən bu kimi cinayət əməllərinin Azərbaycanın müxtəlif ərazilərində törədilməsi faktları məhz soyqırım cinayəti kimi tövsif edilməlidir.
BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri soyqırımı aktıdır.
Təəssüf ki, 1918-ci ildəki azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri beynəlxalq miqyasda hələ də öz siyasi-hüquqi qiymətini almamışdır.
Bir xalqa qarşı əsrlər boyu davam edən nifrət siyasəti nəticəsində törədilən soyqırım cinayətlərinə beynəlxalq ictimaiyyətin biganə yanaşması, eləcə də cinayətkarların ədalət mühakiməsinə cəlb edilməməsi cəzasızlıq sindromunun inkişafına, yeni bəşəri cinayətlərin törədilməsinə, insan hüquqlarının kütləvi pozuntularının geniş vüsət almasına gətirib çıxara bilər.
Biz dünya birliyini və beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq, insanlıq əleyhinə cinayət olan, 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımına səssiz qalmamağa, bu qatı cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırırıq.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir".