“İrəli” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib.
"Report" xəbər verir ki, toplantıda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları və 500-ə yaxın gənc iştirak edib.
Birliyin İdarə Heyətinin sədri Şahin Rəhmanlı hesabat məruzəsi ilə çıxış edib. O, dövlət gənclər siyasətinin Azərbaycan gənclərinə yaratdığı əvəzsiz imkan və fürsətlərə, eləcə də gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşkilatın üzvləri adından öz dərin minnətdarlığını bildirib, Azərbaycan gəncliyinin göstərilən yüksək etimadı doğrultmaq üçün bundan sonra da böyük şövq və əzmlə çalışacağını bəyan edib.
İdarə Heyəti sədrinin hesabatı dinlənildikdən sonra konfransın təşkilat komitəsinin sədri çıxış edərək, Birliyin hesabatı, yeni tərkibdə İdarə Heyəti və onun sədrinin ümumi yığıncağın iştirakçıları tərəfindən seçilməsi barədə məlumat verib və səsvermə keçirilib.
Beləliklə İdarə Heyəti sədrinin hesabatı qəbul edilib.
Namizədlərin adları elan edildikdən sonra İdarə Heyətinə seçkilər keçirilib. Şahin Rəhmanlı, Azər Əmirov, Elvin Səhətbəyli, Fatimə Həsənova, Anar Qurbanov, Kənan Əliyev, Orxan Rüstəmov və Gövhər Ağazadə Birliyin İdarə Heyətinin üzvləri seçiliblər.
“İRƏLİ” İctimai Birliyinin yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra İdarə Heyətinin sədri vəzifəsinə namizədlərin adları elan olunaraq, seçkilər keçirilib.
Şahin Rəhmanlı yenidən iki il müddətinə təşkilatın İdarə Heyətinin rəhbəri seçilib.