“Heç vaxt azərbaycanlı qızları erməniyə ərə verməmişik” - Qərbi Azərbaycan Xronikası

“Heç vaxt azərbaycanlı qızları erməniyə ərə verməmişik” - Qərbi Azərbaycan Xronikası Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Daxili siyasət
26 Oktyabr , 2024 00:01
“Heç vaxt azərbaycanlı qızları erməniyə ərə verməmişik” - Qərbi Azərbaycan Xronikası

"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Ermənilər üzümüzə gülürdülər, amma daxildə bizə nifrət bəsləyirdilər” adlı veriliş Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kənd sakini Zəkiyyə Kərimovanın həyat hekayəsinə həsr olunub.

O, 1959-cu ildə Göyçə mahalının füsunkar guşəsi olan Ardanış kəndində dünyaya göz açdığını, kənd məktəbinin ən seçilən şagirdlərindən olduğunu, atasının uzun illər məktəb direktoru və kolxoz sədri işlədiyini deyib: “Biz 5 uşaq - 2 bacı, 3 qardaş böyümüşük. Atam bizim təhsilimizə xüsusi diqqət yetirirdi. O, Bakı Ali Partiya Məktəbində oxuyarkən bizə həmişə məktub yazardı ki, “Bulaq” verilişinə qulaq asaq. Çünki oradan mənəvi qida alırdıq".

Ardanış kəndinin gözəl təbiəti, bulaqları və məhəllələri haqqında danışan Z.Kərimova xüsusilə Nazlı bulağına olan sevgisini dilə gətirib: “Nazlı bulağa getmək üçün ürəyim gedərdi. Şirin bulaq, Dərin bulaq var idi. Kəndin dörd əsas - Aşağı məhəllə, Çal məhəlləsi, Çəlvəri məhəlləsi və Çənə məhəlləsi var idi. Ardanışın hər fəsli gözəl idi. Payız məhsul yığımı vaxtı olduğundan hamı zəhmətə qatlaşardı. Qış aylarında isə məktəbin həyətində uşaqlarla sürüşərdik, dünyanın ən xoşbəxt günlərini yaşayardıq. Yazda-yayda isə Göyçəyə hər yerdən qonaqlar gələrdi. Hamımız dəniz qırağına üz tutardıq. Sentyabrda isə Böyük meşəyə gedib nərgiz gülləri yığmaq ən böyük sevincimiz idi”.

Onun sözlərinə görə, bu xoşbəxtlik uzun sürməyib və 1988-ci ildə erməni təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən ailəsi Bakıya pənah gətirib: “Nəhayət, erməni vandalizmi başını qaldırdı. Aşıqlarımızı, el ağsaqqallarımızı vəhşicəsinə qətlə yetirdilər. Qoca nənəm həmişə deyərdi ki, ermənilərə etibar etməyin, onların içində bizə nifrət var. 1988-ci ilin soyuq qış günündə minlərlə soydaşımız kimi biz də doğma yurdu tərk etməli olduq, Bakıya pənah gətirdik. Həmin illər çox əziyyətlər çəkdik. Qaçqınlıq ağır dərddir. Amma ümidimizi itirmədik”.

Ardanış sakini Vətən həsrətinin çox ağır olduğunu söyləyib: “Burada nə qədər xoş gündə yaşasan da, Vətən həsrəti səndən əl çəkmir. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin dediyi kimi, yaralarımızı zaman sağaldacaq. Mən inanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında mütləq doğma yurdumuza - Göyçəmizə, Zəngəzurumuza qayıdacağıq. Göyçənin suyunu, havasını, torpağını yenidən duymaq ən böyük arzumdur. İnşallah, bu arzu tezliklə gerçək olacaq və biz Göyçəmizə gedəcəyik".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması barədə sübutları, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 25-də saat 19:30-da "Baku TV"nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi