Biləsuvarın mərkəzi bazarının ərazisi bərbad vəziyyətə düşüb

Daxili siyasət
  • 22 dekabr, 2022
  • 13:37
Biləsuvarın mərkəzi bazarının ərazisi bərbad vəziyyətə düşüb

Biləsuvar rayonunda yerləşən mərkəzi bazarın ərazisi bərbad vəziyyətə düşüb.

Bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, kənd təsərrüfatı məhsullarının satışının həyata keçirildiyi ərazi baxımsız vəziyyətdədir. Bu səbəbdən də yağış yağan kimi bazarın ərazisi palçıq olur və burada hərəkət çətinləşir.

Sakinlər deyir ki, əsasən, həftənin bazar günü buraya üz tutanların sayının çox olması səbəbindən ticarət mərkəzinin ərazisi keçilməz bir məkana çevrilir: "Bir qədər yağış yağan kimi ərazidə gölməçələr yaranır və palçıqlı ərazidə hərəkət etmək çətinləşir. Məcbur qalıb uzunboğaz çəkmə ilə hərəkət edirik".

Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, məsələdən xəbərdardırlar. Həmçinin vurğulanıb ki, bazar özəl sahibkarlıq müəssisəsidir.

Qeyd edilib ki, bununla yanaşı, bazar rəhbərliyi və ticarətçilərlə maarifləndirici söhbətlər aparılıb və ərazidə səliqə-sahmanın yaradılması, eləcə də problemlərin həll edilməsi ilə bağlı işlərin görülməsinin zəruriliyi onların diqqətinə çatdırılıb.

Bazar rəhbərliyi isə qısa müddətdə qeyd olunan nöqsanların aradan qaldırılacağını söyləyib.

44 filmi