"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub

İKT
  • 15 noyabr, 2026
  • 03:43
SpaceX ilk dəfə orbital uçuşdan sonra Starship gəmisini uğurla tutub

Amerikanın "SpaceX" şirkəti ilk dəfə olaraq Texasdakı "Starbase" kosmodromunda xüsusi "Mechazilla" qülləsinin köməyi ilə orbitdən qayıtdıqdan sonra "Starship" kosmik gəmisinin uğurla tutulmasını həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki canlı yayımından məlum olub.

"Mechazilla Starship-i tutub", - yayımın aparıcısı bildirib.

Kosmik gəminin uçuşu təxminən 22,5 saat davam edib. Bu müddət ərzində "Starship Yerin ətrafında 14 dövrə vurub və V3 yeni nəsil 26 "Starlink" rabitə peykini orbitə çıxarıb.

Gəminin tutulması "Mechazilla" buraxılış qülləsində quraşdırılmış xüsusi mexaniki tutqacların köməyi ilə həyata keçirilib. Əvvəllər "SpaceX" bu texnologiyanı "Super Heavy" sürətləndiricilərinin qaytarılması üçün tətbiq edirdi, lakin "Starship" gəmisinin özü ilk dəfə olaraq uğurla tutulub.

Bununla belə, hazırkı sınaq uçuşu zamanı "Super Heavy" sürətləndiricisini buraxılış meydançasına qaytarmaq mümkün olmayıb. İdarəetmə sistemindəki nasazlıqlara görə o, Meksika körfəzinə yönəldilib.

"Starship"in uğurla qaytarılması yerətrafı orbitə, Aya ilə Marsa yüklərin və ekipajların çatdırılması üçün nəzərdə tutulmuş, tamamilə təkrar istifadə edilə bilən kosmik sistemin hazırlanmasında mühüm mərhələdir.