Biləsuvarda şəhidlərin orden və medalları ailələrinə təqdim olunub

Daxili siyasət
  • 30 dekabr, 2022
  • 18:03
Biləsuvarda şəhidlərin orden və medalları ailələrinə təqdim olunub

Biləsuvar Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin birgə təşkilatçılığı ilə təltif olunan şəhidlərimizin orden və medallarının ailələrinə təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Nağı Cəfərov, hüquq mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak edib.

Çıxış edənlər bildiriblər ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaq.

Sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə 16 şəhidin təltifləri ailələrinə təqdim olunub.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.