"Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizin mövcudluğuna qarşı yönələn bütün təhdidlər zərərsizləşdirilib".
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev bu gün Qəbələdə təşkil olunmuş Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasında qeyd edib.
Vurğulanıb ki, Elmi-Məsləhət Şurasının iclası ilk dəfədir Bakı şəhərindən kənarda - Qəbələ şəhərində təşkil edilib.
Bildirilib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə bölgələrimiz sürətlə inkişaf edir, bölgələrdə yerləşən şəhərlərin iqtisadi, sosial, mədəni və elm-təhsil potensialının gücləndirilməsi üçün olduqca əhəmiyyətli tədbirlər görülür.
Məhz bu işlər nəticəsində ölkəmizin dilbər guşələrində müxtəlif, o cümlədən beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirilməsi mümkün olur. Əlbəttə ki, belə şərait bütün sahələr kimi, elm və təhsilin inkişafına da öz töhfəsini verir.
Nəzərə çatdırılıb ki, anarxiya, qeyri-sabitlik, siyasi hərc-mərclik, vətəndaş müharibəsi, misli görünməyən cinayətkarlıq və onun ən təhlükəli təzahürlərindən olan mütəşəkkil cinayətkarlıq, dağıdıcı separatçılıq, hərbi uğursuzluqlar və digər bu kimi bəlalardan xalqımızı və dövlətimizi məhz Ulu Öndər xilas edib.