Bakıda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi ilə bağlı tədbir keçirilib - YENİLƏNİB

Bakıda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi ilə bağlı tədbir keçirilib - YENİLƏNİB Bakıda “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masa təşkil olunub.
Daxili siyasət
4 Dekabr , 2023 12:51
Bakıda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi ilə bağlı tədbir keçirilib - YENİLƏNİB

Bakıda “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal dövründə, habelə ondan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar mövcuddur, qarşı tərəf isə hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir.

Onun sözlərinə görə, statistik məlumatlara əsasən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfər mina partlayışı nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb: "Ümumilikdə 1991-ci ildən bu günə kimi 357 nəfəri uşaqlar, 38 nəfəri isə qadınlar olmaqla 3416 nəfər minadan zərərçəkən qeydə alınıb".

BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Koiç isə qeyd edib ki, Azərbaycanda mina qurbanlarının 90 faizindən çoxu kişilərdir: "Təəssüf ki, Azərbaycan mina problemi ilə üzləşib. Mina qurbanlarına yardım çox vacibdir. Onların ailələrinin ehtiyac duyduğu xidmətlərlə təmin edilməsi çox vacibdir. Biz öz dəstəyimizi Ombudsman Aparatına göstərməyə hazırıq. Məqsədimiz qabaqcıl təcrübələri nəzərdən keçirmək, boşluqları müzakirə edib onları aradan qaldırmaqdır".

Sonra çıxış edən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev vurğulayıb ki, azad olunmuş ərazilərdə 147 988 hektar sahə yüksək səviyyədə çirklənmiş ərazidir, 675 570 hektar sahə isə orta səviyyədə çirklənib: “Minalarla yanaşı, sürpriz tələlərdən, partlayıcı qurğulardan istifadə olunub. 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da Azərbaycan ərazisindən tapılıb, bunlar erməni qanunsuz birləşmələri tərəfindən əraziyə daşınıb. Çaylar, su quyuları da partlayıcı qurğularla çirkləndirilib, bu isə gələcəkdə kənd təsərrüfatının inkişafına mane olacaq. Azərbaycana verilən mina xəritələrinin 25 faizdən də az dəqiqliyi var, bu da bizim işimizi çox çətinləşdirir".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov isə deyib ki, ölkədə əlilliyi olan şəxslərə dövlət tərəfindən 57 adda reabilitasiya vasitələri verilir: “Onu da qeyd edim ki, mina səbəbi ilə əlilliyi olan şəxslərə yüksək texnologiyalı protezlər təqdim olunur. Onların qiyməti 80-100 min avrodur”.

Dəyirmi masada aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi kontekstində, münaqişələrin ağır nəticəsi olan minaların bəşəriyyət üçün törətdiyi fəsadlar fonunda mina qurbanlarının və zərərçəkənlərin hüquqlarının müdafiəsi sahəsində aparılan işlərin, nailiyyətlərin və digər əlaqəli mövzular üzrə müzakirələr aparılıb.

09:28

Bakıda “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masa təşkil olunub.

"Report" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə baş tutub.

Dəyirmi masada aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi kontekstində, münaqişələrin ağır nəticəsi olan minaların bəşəriyyət üçün törətdiyi fəsadlar fonunda mina qurbanlarının və zərərçəkənlərin hüquqlarının müdafiəsi sahəsində aparılan işlərin, nailiyyətlərin və digər əlaqəli mövzular üzrə müzakirələrin aparılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi