Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qırğızıstanda böyük Alban izi” adlı veriliş efirə gedib.
“Report” xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev işğal dövründə ermənilərin Qarabağ ərazisində apardıqları saxta qazıntılardan, eləcə də Qırğızıstanda Alban izlərindən bəhs edib.
O bildirib ki, işğal dövründə ermənilər Qarabağda bir neçə məntəqədə ardıcıl, uzun sürən qazıntılar aparıblar: “Ermənilər Şahbulaq ərazisində 10 kilometrlik səngərlər qazıblar. Onlar Qarabağda tarixi abidələri talan edib, tapılan qiymətli əşyaları satıblar. Ağdərə ərazisində abidələri talan ediblər. Azərbaycandan tapılan maddi mədəniyyət nümunələrini dünya bazarlarında satırlar”.
Tarixçi erməni saxtakarlığından söz açaraq vurğulayıb ki, ermənilər antik Alban qalasına od vurub, yandırıblar: “Neftlə zəngin olan Tərnöyüt kəndinin adını Tiqranakert, Qaçaq qalasını Kaçaxabert kimi təqdim edirlər”.
Onun sözlərinə görə, Küp qəbirləri haqqında Noneşvili adlı bir gürcü müəllif yazır ki, Azərbaycanda olan küp qəbirlərin sayı Ermənistan və Gürcüstanda olanlardan bir neçə dəfə çoxdur və küp qəbirlərin əsas məkanı məhz Azərbaycan ərazisi olub.
T.Əliyev sonda Qırğızıstanda böyük Alban izinin olmasından danışıb, türklərin Qafqaz ərazisində hökmranlığının eradan daha əvvələ getdiyini sübutlarla əsaslandırıb: “Eradan əvvəl, 2-ci, 3-cü əsrdən başlamış, Alban dövlətində mövcud olmuş etnomədəni xüsusiyyətlər bugünkü Azərbaycanda da yaşadılır. Albaniyada yaşayan tayfalar, xalqlar bu gün Azərbaycanda yaşayırlar. Albaniya, Azərbaycan deyəndə, bu, hamı üçün eyni, müştərək bir tarixdir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş oktyabrın 2-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.