ATƏT Parlament Assambleyasının 61 nəfər, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 40 nəfər müşahidəçisi artıq qeydiyyatdan keçib.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O vurğulayıb ki, MDB Parlamentlərarası Assembleyadan isə 36 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, bu gün Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il avqustun 10-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
İclasda 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları və maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
İclasın sonunda avqustun 9-dan start götürən seçkiqabağı təşviqatla bağlı proseslərin gedişi, təşviqat subyektləri üçün yaradılmış hərtərəfli geniş imkanlar və Mərkəzi Seçki Komissiyası tərəfindən ardıcıl, sistemli şəkildə reallaşdırılan layihələr diqqətə çatdırılıb, deputatlığa namizədlər və müşahidəçilərə dair statistik göstəricilər elan olunub, həmçinin cari məsələlərə baxılıb.