Bu gün bütün ölkə üzrə müxtəlif seçki məntəqələrində 200-dən çox müşahidəçimiz var.
Bunu "Report"a açıqlamasında ATƏT müşahidə missiyasının xüsusi koordinatoru və rəhbəri Maykl Krid (Michael Creed) deyib.
"Sabah biz bütün bu müşahidələr əsasında hesabat dərc edəcəyik. Son günlər vətəndaş cəmiyyətləri, siyasi partiyalar, seçki komissiyası ilə çox geniş brifinqlər keçirmişik. Seçki komissiyası bizə xüsusilə ətraflı məlumat verib. Bütün bunlar bizə çox vacib olan seçkilər haqqında məlumatlanmağa kömək edib. Dərc edəcəyimiz hesabatda bu brifinqlərin də məcmusu olacaq", - o qeyd edib.
M.Krid hazırda ilk məntəqəni ziyarət etdiyini bildirib:
"Hazırda bu ilk məntəqədir ki, mən baş çəkirəm və bir seçki məntəqəsindəki müşahidəyə əsasən, hər hansı açıqlama vermək istəmirəm. Bizim nümayəndələrimiz bütün ölkə üzrə müşahidə həyata keçirirlər. Bakıda və Azərbaycanın hər yerində nümayəndələrimiz var. Buradan sonra başqa bir çox seçki məntəqələrinə baş çəkəcəyəm. Bir aydır ki, bizim burada müşahidə missiyamız var, buna görə də kifayət qədər məlumatlıyıq.
Sabah isə mətbuat konfransımız olacaq. Mən İrlandiyadanam. İrlandiya və Azərbaycan arasında məsafə çox uzundur. Burada gördüklərim məni çox təsirləndirdi. Şəhəriniz çox gözəldir. Ancaq indi daha çox seçki məntəqələrinə baş çəkməyə vaxt ayırıram. ATƏT Parlament Assambleyasının üzvləri kimi bizim ümumi məqsədimiz var. Biz demokratik prinsiplərə, azad və ədalətli seçkilərə, sərbəst toplaşmaq azadlığına sadiqliyimizi bölüşürük. Odur ki, biz hesabatımızı bu fonda dərc edəcəyik".