Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb.
"Report" xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.
MSK-nın və Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, deputatlığa namizəd Məcidzadə Şəhriyar Sərdar oğlu MSK-ya müraciət edərək 17 seçki məntəqəsində səsvermə günü qanun pozuntularının baş verdiyini iddia edib.
"Namizədin təqdim etdiyi və sosial şəbəkələrdə yayılan görüntülərə baxılıb. Araşdırmanın nəticəsində məlum olub ki, dairənin 3, 4 və 18 saylı seçki məntəqələri istisna olmaqla digər məntəqələrdəki pozuntular təsdiqini tapmayıb. Nəticələri ləğv edilən seçki məntəqələrinin sayı qanunvericilikdə nəzərdə tutulandan az olduğuna görə dairənin ümumi nəticələrinin ləğv edilməsinə əsas yaranmayıb", - B.Əsgərov qeyd edib.