VII ADA Siyasi Forumunun ilk günü başa çatıb - YENİLƏNİB-3

VII ADA Siyasi Forumunun ilk günü başa çatıb - YENİLƏNİB-3 Bu gün Xankəndidə keçiriləcək “Yeni dünya nizamına doğru” mövzusunda VII ADA Siyasi Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gəliblər.
Daxili siyasət
8 aprel 2025 15:56
VII ADA Siyasi Forumunun ilk günü başa çatıb - YENİLƏNİB-3

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda VII ADA Siyasi Forumunun ilk günü başa çatıb.

“Report” xəbər verir ki, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Forum iştirakçılarını ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov salamlayıb.

Forumun birinci panelində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə olunub. Panelə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev  moderatorluq edib. Çıxışçılar qlobal güc balansındakı dəyişikliklərin milli suverenliyə təsiri, bölgədə strateji sabitliyin saxlanması və məsuliyyətli tərəfdaşlıq məsələlərinə toxunublar.

İkinci panel “Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusuna həsr olunub. Panelə ADA Universitetinin prorektoru,  Milli Məclisin deputatı Fariz İsmayılzadə moderatorluq edib. Müzakirələrdə iqtisadi müstəqillik, texnologiyaların qlobal güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yanaşmaları gündəmə gətirilib.

Forum iştirakçıları tədbirin Xankəndi şəhərində təşkilini Azərbaycanın bərpa və yenidən inteqrasiya siyasətindəki açıq dialoq və beynəlxalq əməkdaşlığa verdiyi önəmin təzahürü kimi qiymətləndiriblər. Bildirilib ki, bu yanaşma postmünaqişə dövründə Qarabağ regionunun yalnız fiziki bərpasına deyil, eyni zamanda intellektual və mədəni inkişafına da fayda verir.
 
Forum yeni dünya nizamı çərçivəsində qlobal enerji təhlükəsizliyi, regional ticarət, rəqəmsal iqtisadiyyat və təbii sərvətlərin idarə edilməsi ilə bağlı müzakirələrlə davam edib.

11.32

Xankəndidə “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumu öz işinə başlayıb.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin  birgə təşkilatçılığı ilə Qarabağ Universitetində keçirilən tədbirdə 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Forum iştirakçıları arasında ADA Universitetinin rektoru Hafiz Paşayev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov da yer alır.

10:40

Bu gün Qarabağ Universitetində keçiriləcək “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunun iştirakçılarının Xankəndiyə səfəri başlayıb.

Bu barədə “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir.

Qeyd edək ki, forum ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə Yaponiya, ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Qazaxıstan, İordaniya Haşimilər Krallığı və digər ölkələrdən olan ekspertlər, beyin mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

08:56

Bu gün Xankəndidə keçiriləcək “Yeni dünya nizamına doğru” mövzusunda VII ADA Siyasi Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

“Report” xəbər verir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir Qarabağ Universitetində baş tutacaq.

Qeyd edək ki, Forumda Yaponiya, ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Qazaxıstan, İordaniya Haşimilər Krallığı və digər ölkələrdən olan ekspertlər, beyin mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

Foto: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi