Nigar Arpadarai: "Bakı Harmoniya Təşəbbüsü fermerlər üçün yeni imkanlar və vahid platforma yaradacaq"

Nigar Arpadarai: "Bakı Harmoniya Təşəbbüsü fermerlər üçün yeni imkanlar və vahid platforma yaradacaq" Bakı Harmoniya İqlim Təşəbbüsü ərzaq və kənd təsərrüfatı sahəsində mövcud iqlim təşəbbüslərini bir platformada birləşdirəcək və fermerlərə dəstək üçün əlçatan qaydalar hazırlayacaq.
COP29
19 Noyabr , 2024 14:06
Nigar Arpadarai: Bakı Harmoniya Təşəbbüsü fermerlər üçün yeni imkanlar və vahid platforma yaradacaq
Nigar Arpadarai

Bakı Harmoniya İqlim Təşəbbüsü ərzaq və kənd təsərrüfatı sahəsində mövcud iqlim təşəbbüslərini bir platformada birləşdirəcək və fermerlərə dəstək üçün əlçatan qaydalar hazırlayacaq.

“Report” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişiklikləri üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai COP29 çərçivəsində təşkil olunan “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə bildirib.

Onun sözlərinə görə, təşəbbüs ərzaq sistemlərinin transformasiyasını sürətləndirəcək ki, bu da Paris Sazişinin məqsədlərinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir.

“Bakı Harmoniya Təşəbbüsü aqrar-ərzaq təşəbbüsləri arasında uyğunluğu təmin etmək, mövcud boşluqları müəyyənləşdirmək və yeni imkanlar yaratmaq üçün mühüm platformadır. Bu vacib irsi davam etdirdiyiniz üçün sizi təbrik edirəm”, - deyə N. Arpadarai vurğulayıb.

O əlavə edib ki, iqlim dəyişikliyi ilə mübarizə cəmiyyətin bütün təbəqələrinin iştirakını tələb edir. Qeyri-dövlət aktorları - fermerlər, bizneslər, maliyyə institutları, vətəndaş cəmiyyəti və tədqiqat təşkilatları arasında əməkdaşlıq dayanıqlı, bərabər və inklüziv ərzaq sistemlərinin qurulmasında əsas rol oynayır.

“Fermerlər iqlim təsirlərinə uyğunlaşır, bizneslər regenerativ kənd təsərrüfatına investisiya edir, maliyyə institutları isə kənd təsərrüfatı investisiyalarının riskini azaltmaq üçün innovativ mexanizmlər yaradır. Bu istiqamətdə çoxşaxəli əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”, - deyə o bildirib.

N. Arpadarai, iqlim tədbirlərinə maneə törədən bir sıra amilləri də diqqətə çatdırıb. O, xüsusilə adaptasiya və dayanıqlılıq üçün maliyyə çatışmazlığının genişmiqyaslı irəliləyişə əngəl olduğunu vurğulayıb. Bununla yanaşı, ərzaq sistemləri üçün daha konkret məqsədlər və ölçmə mexanizmlərinin hazırlanmasının vacibliyini qeyd edib.

“Ərzaq və qidalanma təhlükəsizliyini qorumaq, iqlim təsirlərinə qarşı dayanıqlığı artırmaq və təbiəti bərpa etmək üçün böyük bir fürsətimiz var. Gələcək bizim birlikdə atacağımız addımlardan asılıdır. İndi hərəkət etmək vaxtıdır”, - deyə N. Arpadarai çıxışını yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi