Muxtar Babayev: İnanırıq ki, Ermənistan nümayəndə heyəti COP29-da iştirak edəcək

Muxtar Babayev: İnanırıq ki, Ermənistan nümayəndə heyəti COP29-da iştirak edəcək İnanırıq ki, Ermənistan nümayəndə heyəti Azərbaycana gəlib COP29-da iştirak edəcək.
COP29
27 Sentyabr , 2024 09:18
Muxtar Babayev: İnanırıq ki, Ermənistan nümayəndə heyəti COP29-da iştirak edəcək
Muxtar Babayev

İnanırıq ki, Ermənistan nümayəndə heyəti Azərbaycana gəlib COP29-da iştirak edəcək.

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

COP29 komandasının fəaliyyətindən bəhs edən nazir bildirib ki, Azərbaycan Assambleyada büyük komanda ilə təmsil olunub:

"Çox geniş proqram hazırlamışıq, bu çərçivədə BMT və Nyu-Yorkda müvafiq tədbirlərdə və bir çox yüksək səviyyəli sammitlərdə iştirak edə bildik. Bununla yanaşı, COP29-la bağlı proqramımız var. Komandamız geniştərkibli nümayəndə heyəti ilə buradadır və onlar COP29-un bütün istiqamətlərini əhatə edir. Burada bizim fəaliyyət gündəliyimizdə olan 14 təşəbbüsün ictimaiyyətə, dünya ölkələrinə çatdırılması üçün yaxşı imkanlarımız oldu. Bir neçə platformamızı təqdim edib, onların baxılmasını və müzakirəsini təşkil etdik".

Nazir bildirib ki, bir çox büyük təşəbbüslərlə bağlı, xüsusilə enerji və şəffaflıq istiqamətində elanlar verilib. Bir neçə digər təşəbbüslərlə bağlı işlər davam edir. O qeyd edib ki, COP29-a çox böyük maraq var:

"Azərbaycana çoxsaylı ölkələrdən qonaqlar gələcək və artıq COP29-da iştiraklarını təsdiq ediblər. Dövlət başçıları, hökumət nümayəndələri və heyətlərin rəhbərləri ilə görüşmək şansımız oldu. Onlar Azərbaycanın Sədrliyini səbirsizliklə gözlədiklərini və uğurlu fəaliyyət planlarını dəstəklədiklərini bildirdilər. Əlbəttə, onların hər birinin Azərbaycandan çox böyük gözləntiləri var".

Nazirin sözlərinə görə, xüsusi ilə bir neçə çox mühüm istiqamətdə razılığa gəlinməsi məsələsində imkanlar olacaq.

"Burada maksimal inkulizivliyi təmin etmək üçün bütün tərəflərlə işbirliyi aparırıq. Məqsədimiz uğurlu iş fəaliyyəti aparmaqla bütün ölkələrin və danışıqlar prosesində olan iştirakçıların Azərbaycana gəlişini təmin etməkdir", - M.Babayev deyib.

Nazir vurğulayıb ki, Azərbaycanın təşəbbüsləri COP ictimayyəti tərəfindən çox bəyənilib. Onun sözlərinə görə, COP29 gündəliyində təşəbbüslərin hazırlanması zamanı bütün istiqamətlər üzrə BMT-nin müxtəlif qabaqcıl agentlikləri iştirak ediblər:

"Onlar özləri bizə həm də bu təşəbbüslərin son konseptinə çatdırılmasına köməklik ediblər. Məsələn, "Atəşkəs COP"u ("COP Truce") və digər təşəbbüslərimiz çox böyük maraqla qarşılanıb və müzakirə olunub. Rəsmi saytımızda artıq elanlar var və əlbəttə ki, bunlar ölkəmizin təqdimatında da öz əksini tapacaq. COP29-a 46 günümüz qalıb var".

Nazir qeyd edib ki, danışıqlar çox gərgin keçir.

"Çünki ölkələrin və tərəflərin mövqeləri bəzi hallarda çox fərqlidir və toqquşur. Onları yaxınlaşdırmaq üçün çox az vaxtımız qalıb. Ona görə də bizim danışıqlar qruplarımız o ölkələrlə bu məsələlərin müzakirəsini aparır və onların mövqelərini yaxınlaşdırmaq üçün çalışırlar", - o bildirib.

M.Babayev vurğulayıb ki, həftə ərzində Ermənistan nümayəndə heyəti ilə görüş keçirilməyib:

"Bu səfər çərçivəsində Ermənistanla heç bir görüş nəzərdə tutulmayıb, ancaq biz onları COP-a dəvət etmişik. Ənənəvi olaraq, bütün ölkələr COP-da iştirak edirlər və inanırıq ki, Ermənistan nümayəndə heyəti Azərbaycana gələrək COP29-da iştirak edəcək".

Son xəbərlər

Orphus sistemi