Azərbaycanda ilk dəfə ISO 20121 - Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili sertifikatı əldə edilib.
“Report” xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən sertifikatın əldə edilməsinə dair COP29 Azərbaycan pavilyonunda təltif etmə mərasimi keçirilib.
Mərasimdə UNFCCC rəsmiləri, COP29 Azərbaycan Əməliyyat Şirkətinin rəhbərliyi və strateji podratçıların nümayəndələri iştirak edib. COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova və audit prosesini aparmış “TÜV Austria” şirkətinin Azərbaycan nümayəndəliyinin təmsilçisi Zaur Fərzəliyev öz çıxışlarında bu sertifikatın əldə olunmasının əhəmiyyətini, bu nailiyyətdə komanda işinin vacibliyini diqqətə çatdırıblar. Tədbirdə COP29 Azərbaycan Əməliyyat Şirkətinin dayanıqlı tədbir idarəçiliyi prinsiplərinieffektiv şəkildə tətbiq etdiyi və bu prosesin uzunmüddətli təsirləri vurğulanıb.
Qeyd edək ki, Azərbaycan COP konfransları tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşüb. Həmçinin, Azərbaycanda da COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən əldə edilən bu sertifikat bir ilkdir.
Qeyd edək ki, Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili üzrə müvafiq ISO sertifikasiyanın audit prosesi yalnız tədbirdən öncəki hazırlıq müddətində deyil, tədbirin keçdiyi müddət ərzində də dəyərləndirilərək nominasiya olunur.
ISO 20121 tədbirlərin dayanıqlı idarə olunması üçün qlobal standartdır və tədbirlərin planlaşdırılması, idarə olunması və dayanıqlılıq performansının yaxşılaşdırılması üçün bir çərçivə təqdim edir. Sertifikat, tədbir təşkilatçıları, təchizatçılar və tədbirin təşkilində iştirak edən digər tərəfdaşları əhatə etməklə, tədbirin ətraf mühitə məsuliyyətli, sosial cəhətdən inklüziv və iqtisadi cəhətdən davamlı olmasını təmin etməyə yönəlib.
Sertifikatın əldə olunması üçün COP29 Azərbaycan Əməliyyat Şirkətinin audit prosesi üç mərhələdə aparılıb. İlkin mərhələdə TÜV Avstriya şirkətinin ekspertləri tərəfindən təşkilat və onun fəaliyyət kontekstinin analizi, maraqlı tərəflərin ehtiyac və gözləntilərinin aydınlaşdırılması, dayanıqlı inkişaf prinsipləri, korporativ idarəetmə və öhdəliklərin müəyyən olunması, həmçinin tədbirin dayanıqlılıq məqsədləri və onlara nail olmaq üçün planlaşdırmanın həyata keçirilməsi diqqət mərkəzində olub. İkinci mərhələdə auditorlar Əməliyyat Şirkətinin bütün departamentləri ilə görüşüb müvafiq sənədləşmə prosesləri və əməliyyatların aparılması mexanizmi ilə tanış olublar. Audit yoxlamalarının sonuncu mərhələsi isə artıq tədbir zamanı – noyabrın 15-də reallaşıb və tədbir məkanında əməliyyatların gedişatı “TÜV Austria”nın Azərbaycan nümayəndəsi Zaur Fərzəliyev tərəfindən qiymətləndirilib.
Əlavə edək ki, tədbir çərçivəsində həmçinin “ISO 20121 - Tədbirlərin Dayanıqlı İdarə Edilməsi və Təşkili” mövzusunda panel müzakirəsi baş tutub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəfin moderatorluğu ilə keçirilən panel müzakirəsində “TÜV Austria”nın Azərbaycandakı nümayəndəsi Zaur Fərzəliyev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin sertifikasiya üzrə meneceri Aysel Məmmədova və “PICO International” şirkətinin vitse-prezidenti Jessi Ngnin iştirak edib. Panel müzakirəsində dayanıqlılıq prinsiplərinin tətbiqi, əməliyyatların şəffaflığı və beynəlxalq səviyyədə uğurlu təcrübələrin paylaşılması mövzularında fikir mübadiləsi aparılıb.
Sessiya və mərasimin keçirilməsinin məqsədlərindən biri də Azərbaycanda tədbirlərin dayanıqlı idarə edilməsi sahəsində tamamilə yeni yanaşmaların və təcrübə mübadiləsinin təşviqi və müxtəlif təşkilatlar tərəfindən gələcəkdə bu sahəyə daha geniş diqqət cəlb edilməsidir.