AMEA-da COP29-la əlaqədar keçirilən beynəlxalq konfransda iqlim problemləri müzakirə olunur
- 29 oktyabr, 2024
- 08:59
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş "Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyasi" III Beynəlxalq elmi-praktiki konfrans keçirilib.
"Report" xəbər verir ki, iki gün davam edən konfransda iqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri, torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri, Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi, landşaftlardan istifadənin müasir vəziyyəti müzakirə olunur.
Həmçinin işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı, regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri, demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri, davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi məsələlərinə toxunulur.
Konfransda regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları, regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri və s. kimi mövzularda məruzələr dinlənilib.
Texnika elmləri doktoru, professor Məqsəd Qocamanov deyib ki, noyabrda Bakıda baş tutacaq COP29 daha çox coğrafiya və ekologiyaya həsr olunan konfransdır.
Coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov qeyd edib ki, COP29-la əlaqədar təhsil müəssisələrində zəruri maarifləndirmə işləri aparılıb. O bildirib ki, iqlim dəyişmələri baş verən təbii prosesdir.
Qarabağda mina problemlərinə toxunan M.İsmayılov bildirib ki, bu gün mina problemlərinin mövcudluğu həmin ərazilərdə tədqiqatların aparılmasına maneə törədir.
Coğrafiya elmləri doktoru Rza Mahmudov öz çıxışında deyib ki, iqlim dəyişikliyi ilə bağlı illər öncə alimlərin araşdırmalarına önəm verilsəydi, bugünkü çağırışlar olmazdı. O bildirib ki, dünyada bu gün iki problem - iqlim dəyişikliyi və su problemi var.
R.Mahmudov əlavə edib ki, iqlim heç vaxt sabit olmayıb: "Hazırda bu mövzuda ancaq sseanarilər və uyğunlaşma məsələləri yer tutur".
O məlumat verib ki, Ümumdünya Hidrometeorologiya Təşkilatının məlumatına əsasən, dünyada son altı il orta illik temperatur baxımından çox isti dövr olub. Son 22 ilin 20 ili tarixdə ən yüksək temperaturun qeydə alındığı illər olub.
Konfrans çıxışlar ətrafında müzakirələr və sual-cavabla davam edib.
Foto: Ehtiram Cəbiyev