Bakı. 7 dekabr. REPORT.AZ/ Polşanın paytaxtı Varşavada “Azərbaycan Ticarət Evi” açılıb.
İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, ticarət evi “Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın Polşada satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək.
Ticarət evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar, o cümlədən spirtli içkilər, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə suları, mineral sular, kosmetik məhsullar və s. nümayiş olunur.
“Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunmuş tədbirdə İqtisadiyyat naziri
Azərbaycan və Polşa arasında ticarət əlaqələrinin inkişafını vurğulayan Ş.Mustafayev qeyd edib ki, bu ilin ilk 9 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artıb. İndiyədək Polşa Azərbaycana 20 mln. dollardan çox, Azərbaycan isə Polşaya 6,5 mln. dollar investisiya yatırıb. Hazırda Azərbycanda xidmət, sənaye və ticarət sahələrində 21 Polşa şirkəti fəaliyyət göstərir.
Əməkdaşlığın inkişafı perspektivlərindən danışan İqtisadiyyat naziri ölkələrimiz arasında sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm və digər sahələrdə böyük potensialı diqqətə çatdırıb.
Polşanın Sahibkarlıq və texnologiyalar naziri Yadviqa Emileviç və xarici işlər nazirinin müavini Maciej Lang Varşavada “Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüblər.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşada Azərbaycan Ticarət Evinin iqtisadi əlaqələrin genişlənməsində önəmini qeyd edib, iş adamlarını bu imkandan yararlanmağa dəvət edib.
Sonra tədbir iştirakçıları “Azərbaycan Ticarət Evi” və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar.
Tədbir çərçivəsində “Azərbaycan Ticarət Evi” ilə Polşanın “STX ONE” şirkəti arasında fındıq və nar şirəsi konsentratının satışına dair Anlaşma Memorandumu imzalanıb.
Polşaya səfər çərçivəsində Ş.Mustafayev Polşanın Sahibkarlıq və texnologiyalar naziri xanım Yadviqa Emileviçlə görüşüb. Görüşdə Ş. Mustafayev Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, polşalı sahibkarları bu imkanlardan yararlanmağa dəvət edib. Polşanın Sahibkarlıq və texnologiyalar naziri xanım Yadviqa Emileviç Polşanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayaraq, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.