Türkiyədə kəskin faiz artımı bu ölkə ilə ticari əlaqələrimizə necə təsir edəcək?

Türkiyədə kəskin faiz artımı bu ölkə ilə ticari əlaqələrimizə necə təsir edəcək? İyunun 22-də Türkiyə Mərkəzi Bankı 27 aylıq fasilədən sonra uçot dərəcəsini artırdı.
Biznes
25 İyun , 2023 16:00
Türkiyədə kəskin faiz artımı bu ölkə ilə ticari əlaqələrimizə necə təsir edəcək?

İyunun 22-də Türkiyə Mərkəzi Bankı 27 aylıq fasilədən sonra uçot dərəcəsini artırdı.

Faiz artımı 6,5 % bəndi oldu və uçot dərəcəsi 15 %-ə yüksəldi.

Sirr deyil ki, bu qərarın məqsədi ilk öncə ölkənin milli valyutasının - lirənin ucuzlaşmasının qarşısını almaqdır. Bəs uçot dərəcəsində kəskin artım Azərbaycanın Türkiyə ilə ticari əlaqələrinə necə təsir edəcək? "Report" iqtisadçı-ekspertlərlə bu suala cavab tapmağa çalışıb.

Onlardan biri - Xalid Kərimli deyir ki, kəskin faiz artımı lirənin ucuzlaşmasını dayandırmayıb: "Bu da milli valyuta olan inamsızlıqla bağlıdır. Türkiyə Mərkəzi Bankı və Maliyyə Nazirliyinin rəhbərliyinin dəyişdirilməsinə baxmayaraq, valyuta bazarında lirəyə hələ də inam formalaşmayıb və milli valyuta ucuzlaşmaqda davam edir. Ümumiyyətlə isə Türkiyədə inflyasiya ilə uçot dərəcəsi arasında kəskin fərq var. Türkiyədə illik inlyasiya 40 %, faiz dərəcəsi isə 15 %-dir. Bu vəziyyətdə faiz artımı bizim ticari əlaqələrimizə ciddi təsir göstərməyəcək. Lirə bahalaşsaydı, Türkiyədən gələn məhsulların qiymətləri arta bilərdi, amma hazırda tam əks proses gedir. Əvəzində Azərbaycandan Türkiyəyə gedən məhsullar lirəyə nisbətdə bahalaşır".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə deyir ki, faiz artımına baxmayaraq Türkiyənin həm valyuta, həm də istehlak bazarında volatillik davam edir: "Deməli, rəsmi Ankara qısa deyil, daha çox orta və uzun müddətli dövrdə məzənnə sabitliyini hədəfləyir. Ümumiyyətlə, Türkiyədə yeni hökumətin fərqli yanaşması da lirənin ucuzlaşmasının qarşısını ala bilmir. Digər tərəfdən, Türkiyənin yeni maliyyə nazirinin U-dönüşlü mesajları maliyyə bazarlarında volatilliyi azaltsa da, sabitliyə nail olmaq mərhələli prosesdir".

V. Bayramov, bu vəziyyətin ikitərəfli ticari əlaqələrimizə təsirinə diqqət yetirərək qeyd edib ki, Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır və qeyri-neft ixracatında əsas partnyorudur: "Enerjidən kənar ixracatımızın 1/3-dən çoxu qardaş ölkəyə ünvanlanır. Bu baxımdan, strateji mütəffiqimiz olan Türkiyədə məzənnə stabilliyinə nail olunması bizim üçün həmçinin ixracat baxımından da vacibdir. Lirənin ucuzlaşması Türkiyədə istehsal olunan bütün məhsulların qiymətləinin xarici bazarlarda aşağı düşməsinə gətirib çıxarır. Xüsusən də Türkiyədən edilən məhsul sifarişləri zamanı qiymət artımları müşahidə edilir. Bu, belə də davam edəcək. Monitorinqlər gösətirir ki, son dövlər vətəndaşlarımız Türkiyədən daha çox məhsullar sifariş edirlər. Həmin məhsullar lirə ilə satıldığına görə, lirə də dollar və manata nisbətdə dəyər itirdiyi üçün həmin məhsulları sifarişlə almaq daha sərfəlidir. Güman edilir ki, növbəti dövrlərdə də lirə ucuzlaşdıqca və bu vətəndaşlarımız üçün məhsul sifarişi zamanı daha sərfəli olacaq".

Son xəbərlər

Orphus sistemi