Azərbaycan-Rusiya sərhədində yerləşən və bu gün açılışı olan "Xanoba" gömrük postundan müxtəlif təyinatlı nəqliyyat vasitələri hərəkət edə biləcək.
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bildirib.
"Bu sərhəd-buraxılış məntəqəsi əvvəl də mövcud idi, sadəcə imkanları zəif idi. Əlavə yaradılmış imkanlar sərhəd və gömrük əməkdaşlarının bərabər çalışıb zəruri prosedurları həyata keçirməsinə imkan verir. Birgə fəaliyyət Azərbaycana daxil olan və ölkədən çıxan bütün nəqliyyat vasitələrinin əlavə vaxt gözləmələrinə məruz qalmadan yüklərin buraxılmasına şərait yaradır. Burada ölkəyə daxil olma və getmə xətlərinin sayı 13-ə çatdırılıb", - deyə o qeyd edib.
Bundan başqa, Komitə sədri "Xanoba"da müasir texnoloji qurğuların quraşdırıldığını bildirib: "Nəqliyyat vasitələrinin üzərində və içində gedən malların yoxlanışı üçün skan qurğuları quraşdırılıb. Bu qurğular vasitəsi ilə biz artıq nəqliyyat vasitələrinin fiziki yoxlanılmasını həyata keçirmirik, çünki, görüntülər vasitəsi ilə yükün daxilində və yaxud nəqliyyat vasitəsinin tərkibində olan predmetlər müəyyən ediləcək. Azərbaycanda bu sahə üzrə mütəxəssislər var. Biz bununla həm ticarəti sadələşdiririk, həm də təhlükəsizlik tədbirlərini inamla həyata keçiririk".