"PAŞA Holdinq": Şirkətlərdə düzgün qiymətləndirmə və cəzalandırma olmalıdır
- 11 fevral, 2025
- 07:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan şirkətlərində düzgün qiymətləndirmə və cəzalandırma sistemi qurulmalıdır.
"Report" xəbər verir ki, bunu “PAŞA Holdinq” MMC-nin baş icraçı direktoru Cəlal Qasımov Bakıda keçirilən İnsan İnkişaf Forumunda bildirib.
Onun sözlərinə görə, bir çox şirkətlər işçilərini dəyərləndirəndə nəticə əsaslı düşünür: "Nəticə səhv olanda isə işçi cəzalandırılır. Lakin insanın təşəbbüs göstərmək istəyini sındırmaq yaxşı deyil. İlk növbədə insanların niyyət və təşəbbüslərini görüb ona uyğun dəyərləndirməliyik. İnsan hər gün özünü keçmiş günü ilə müqayisə etməlidir. Bəzən biz özümüzü başqaları ilə müqayisə edirik. Bu isə insana heç bir fayda vermir, əksinə insanı geri salır. Bununla yanaşı, insan öz müsbət və mənfi tərəflərini bilməli, özünü analiz etməyi bacarmalıdır".
"PAŞA Holdinq" rəsmisi vurğulayıb ki, hər kəs birbaşa və dolayısı yolla ümumi daxili məhsula (ÜDM) töhvə verir: "Hər kəs işdə öz effektivliyini 5-10 % artırsa bu iqtisadiyyata da töhfə verər".
"Uşaqları bacarıq sisteminə öyrətməliyik. Bilik əldə etmək mümkündür. Lakin əsas amil uşaqlarda bacarıq sistemini inkişafıdır. Hər hansı iş görmək üçün ilk növbədə o işi sevilməlidir. Lakin bəzən uşaqlar valideynlərin qərarına uyğun ixtisas seçirlər. İnsanlar öz istəklərinə uyğun qərarlar versələr, işdə daha çox töhfə verə bilərlər və daha çox dəyər yarada bilərlər. Uşaqlar təhsildə özlərinin öz yollarını seçməlidirlər", - deyə C.Qasımov əlavə edib.