İİTKM: "Rüblük qeyri-neft ixracımızın dəyəri ilk dəfə 1 milyard dollara yaxınlaşıb"

İİTKM: "Rüblük qeyri-neft ixracımızın dəyəri ilk dəfə 1 milyard dollara yaxınlaşıb" Azərbaycanda ilk dəfədir ki, ilin ilk rübündə 1 milyard ABŞ dollarına yaxın qeyri-neft ixracı həyata keçirilir.
Biznes
14 Aprel , 2023 17:19
İİTKM: Rüblük qeyri-neft ixracımızın dəyəri ilk dəfə 1 milyard dollara yaxınlaşıb

Azərbaycanda ilk dəfədir ki, ilin ilk rübündə 1 milyard ABŞ dollarına yaxın qeyri-neft ixracı həyata keçirilir.

"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bunu qurumun “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə bildirib.

"Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri illik müqayisədə 23,2 % artaraq 912,2 milyon ABŞ dollarına çatıb. Ötən illərdən fərqli olaraq, qeyri-neft ixracının əsas hərəkətverici qüvvəsi elektrik enerjisi olub. 2023-cü ilin ilk 3 ayında elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 milyon kVt/s, yəni 7,7 % artaraq 7 756,2 milyon kVt/s olub. I rübdə elektrik enerjisi istehsalının 16,6 %-i ixraca yönəlib. Belə ki, il ərzində elektrik enerjisi ixracının dəyəri 6,1 dəfə və yaxud 234,7 milyon artaraq 281,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin qeyri-neft ixracının strukturunda 6-cı mövqedə qərarlaşan elektrik enerjisinin ticarət gəlirləri 121,6 milyon ABŞ dolları dəyərində olub. Nəticə etibarı ilə, 2023-cü ilin elektrik enerjisi ixracı 2022-ci ilin yekun ixrac dəyərindən 2,3 dəfə çoxdur. Yalnız mart ayında isə elektrik enerjisi istehsalı 11,7 %, ixracı isə 22 dəfə artıb”, - deyə o qeyd edib.

N.Hacızadənin sözlərinə görə, elektrik enerjisi ixracının əhəmiyyətli səviyyədə artımı Türkiyəyə həyata keçirilən ixracın sürətli artımı ilə əlaqədardır: "2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 78,7 % artaraq 273,9 milyon ABŞ dolları təşkil edib. Yalnız fevral ayında isə qardaş ölkəyə ixracın dəyəri 2 dəfə artaraq 167,2 milyon ABŞ dollarına çatıb. Adıçəkilən ixrac dəyərinin əhəmiyyətli artımının əsas səbəbi elektrik enerjisi ilə əlaqədardır".

İİTKM rəsmisinin təqdim etdiyi statistik məlumatlara əsasən, 2023-cü ilin yanvar-mart aylarında yeyinti məhsullarının ixracının dəyəri 5,7 % artaraq 169,9 milyon ABŞ dolları təşkil edib: "Bu göstərici qeyri-neft ixracının 18,6 %-ni təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 bənd daha azdır. 2023-cü ilin 3 ayı ərzində aqrar və aqrar-sənaye məhsullarının ixracı 3,4 % artaraq 178,9 milyon ABŞ dolları təşkil edib. Sözügedən artımın əsas hərəkətverici qüvvəsi ötən illərdən fərqli olaraq kənd təsərrüfatına dayanan sənaye istehsalı ilə əlaqədardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə aqrar-sənaye məhsulları ixracı 19,6 milyon ABŞ dolları və yaxud 56,3 % artıb. Adıçəkilən sənayenin istehsalının artımı emal edilən heyvan mənşəli məhsullar və alkoqollu və alkoqolsuz içkilər hesabına baş verib. Bu içkilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 dəfə artıb".

Son xəbərlər

Orphus sistemi