Dövlət Agentliyi: İdxal olunan malların sərhəddən sürətli keçidinə nail olunub
- 08 dekabr, 2025
- 13:27
Azərbaycana idxal olunan malların ölkə sərhədindən sürətli keçidinə, başqa sözlə gömrük rəsmiləşdirmələrinin sürətli həyata keçirilməsinə nail olunub.
"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyinin sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quliyev Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.
"İdxalla bağlı Dövlət Agentliyinin verdiyi sertifikatlar var. Bu, standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə sertifikatlardır. Artıq Keyfiyyət İnformasiya Sistemi vasitəsilə həmin sertifikatların reyestrinin Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış informasiya sisteminə inteqrasiyası baş tutub. Bundan başqa, Agentliyin təqdim etdiyi mənşə sertifikatları barədə məlumatlar da Komitəyə ötürülür. Texniki tənzimləmə ekosistemi tam qüvvəyə mindikdən sonra akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların verdiyi sertifikatlar rahat ötürüləcək.
O cümlədən, xüsusilə aşağı və orta riskli məhsullara münasibətdə "self-declaration" adlı öz-özünə bəyan etmə institutları qüvvəyə minəcək. Agentlik burada sadəcə nəzarətçidir. Sertifikat və bəyannamələri özəl qurumlar təqdim edir. Bbunun üçün Keyfiyyət İnformasiya Sistemi platforma rolunu oynayır: həm təsərrüfat subyektləri, həm də akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar üçün. Və bu platforma vasitəsilə toplanılmış məlumatların artıq Dövlət Gömrük Komitəsinə ötürülməsi mümkündür", - deyə o qeyd edib.