İyunun 8-də “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda işinə başlayacaq sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri təqdim olunacaq.
Bu barədə “Report” İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək.
Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır. Sərginin başlıca üstünlüyü iqtisadiyyatın bütün sektorları üzrə məhsul və xidmətlərin təqdim olunmasıdır.
İyunun 10-dək davam edəcək sərgi çərçivəsində, həmçinin, “Böyük qayıdış - işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər” və “Müasir çağırışlar fonunda iqtisadi transformasiya: rəqabətli və dayanıqlı bizneslərin formalaşması” mövzularında panel müzakirələr təşkil olunacaq, ikitərəfli görüşlər keçiriləcəkdir.