AZPROMO: Birbaşa xarici investisiyaların keyfiyyətini artırmağa çalışırıq
- 26 sentyabr, 2026
- 12:23
Yeniliklərdən dərhal xəbərdar olun!
İnvestorlar Azərbaycanı yalnız daxili bazar kimi nəzərdən keçirməməlidirlər, çünki ölkənin əsas üstünlüyü istehsal olunan məhsullarla daha geniş coğrafiyaya çıxmaq imkanından ibarətdir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
Onun sözlərinə görə, bu amil ölkəyə münasibətdə investisiya qərarlarının qəbul edilməsinə olan yanaşmanın özünü dəyişir: "Hər hansı şirkət uzunmüddətli bazar perspektivlərini, sərfəli istehsal iqtisadiyyatını və regional bazarlara çıxış imkanını gördükdə bir obyektin hüdudlarından kənara yatırılan investisiyalar kommersiya baxımından özünü doğruldur. Yerli mütəxəssisləri öyrətmək, təchizatçıları inkişaf etdirmək, mühəndislik və idarəetmə potensialı yaratmaq və daha mürəkkəb funksiyaları tədricən lokallaşdırmaq məqsədəuyğun olur".
AZPROMO nümayəndəsi qeyd edib ki, Azərbaycan iqtisadiyyatının inkişafının növbəti mərhələsi təkcə birbaşa xarici investisiyaların həcminin artırılmasından yox, həm də onların keyfiyyətinin yüksəldilməsindən ibarətdir: "İnanıram ki, Azərbaycan üçün növbəti mərhələ birbaşa xarici investisiyaların keyfiyyətinin artırılmasıdır. Bu, texnologiyaların transferi, yerli ekspertizanın inkişaf etdirilməsi, Azərbaycan şirkətlərinin regional və qlobal dəyər zəncirlərinə fəal inteqrasiyası hesabına uzunmüddətli nəticə əldə etməyə imkan verəcək".