Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların uzun müddət aparılmasının səbəbləri açıqlanıb
- 04 may, 2023
- 09:26
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların uzun müddət aparılmasının səbəblərindən biri də sahibkarların elektron bazalarının az olmasıdır.
"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu da müəyyən problemlərə səbəb olur: "Bu gün ümumi sahibkarların 65 %-də kompüter var. Proseslərin elektronlaşdırılmaması mühasibatlıq və digər zəruri işlərin kağız üzərində aparılması yoxlamaların uzun çəkməsinə səbəb olur".
Deputat Məşhur Məmmədov isə hesab edir ki, illərlə yoxlamaların aparılması müəssisələrin fəaliyyətində problemlər yaradır: "Bildiyimiz kimi yoxlamalar 30 gün müddətinə açılır. Amma bu yoxlamalar bəzi müəssisələrdə illərlə davam edir".
Onun sözlərinə görə, bəzən sahibkarların hesabları bağlanır, hətta onların partnyorları ilə problemlər yaranır: "Lakin əgər orada 1 yoxlama deyil, 3 yoxlama getməlidirsə onların 3-ü də aparılmaldır".
Qeyd edək ki, bu gün komitənin iclasında İqtisadiyyat Nazirliyinin hazırladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunur.