Azərbaycanda 2017-ci ildən həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi bu il 650 min tələbəni əhatə edib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.
"Halbuki ki, bu layihə pilot formada 35 min tələbəni əhatə edirdi. Bu sahəyə qoyulan investisiyaların kifayət qədər qarşılığını görürük. İnanırıq ki, insan kapiatlı milləti irəli aparan əsas amillərdəndir. İnsan kapitalından danışarkən təhsildən başlamalıyıq. Bu yolda əsas fəaliyyətimiz gələcək məzunların yeni iqtisadiyyatla ayaqlaşa biləcək, innovator ola biləcək insanlar kimi yetişməsi olmalıdır", - deyə o qeyd edib.
"Dünya sürətlə dəyişir. Bazar bu dəyişikliklərə aramla cavab verməlidir", - deyə nazir vurğulayıb.
M. Cabbarov hesab edir ki, bugünkü tədbir gələcək innovasiyalarla bağlı danışmağa rəvac verir: "Sammit dövlət nümayəndəsi olaraq şəxsən mənim üçün böyük əhəmiyyət kəsb edir. Biz gələcəyimizi çox düşünməliyik. Yerli uğursuzluqlara qarşı səbr göstərilməlidir. Bu, innovasiyanın inkişafı üçün çox önəmlidir. Çünki, bir sıra innovativ həllər planlaşdırıldığı kimi özünü doğrultmur. Bu da bizi daha da qətiyyətlə irəli getməyə sövq edir".