Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 35 milyard 553,1 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 6 milyard 416,3 milyon manatlıq ödənişli xidmət göstərilib.
Biznes
17 Oktyabr , 2022 11:49
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 553,1 milyon manatlıq, o cümlədən 20 milyard 014,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 539,0 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 %, qeyri-ərzaq malları üzrə 3,6 % artıb.

Bu ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 %-i ərzaq məhsullarının, 4,6 %-i içkilər və tütün məmulatlarının, 13,5 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 %-i avtomobil benzini və dizel yanacağının, 5,2 %-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Bu ilin yanvar-sentyabr aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.

2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,5 %, fərdi sahibkarlar üzrə 1,9 %, bazar və yarmarkalarda isə 4,2 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 392,7 manatlıq, o cümlədən 221,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,6 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər

Orphus sistemi