Azərbaycanda biznesin inkişafı üçün qanunvericilik necə təkmilləşdirilməlidir?

Azərbaycanda biznesin inkişafı üçün qanunvericilik necə təkmilləşdirilməlidir? Azərbaycanda biznes fəaliyyəti üçün hüquqi çərçivə müxtəlif qanun və normativ sənədlərlə tənzimlənir. Sahibkarlıq fəaliyyəti, vergi öhdəlikləri, mülki hüquqlar, lisenziyalaşdırma, müqavilə münasibətləri və digər sahələrlə bağlı hüquqi sənədlər mövcuddur.
Biznes
24 aprel 2025 17:19
Azərbaycanda biznesin inkişafı üçün qanunvericilik necə təkmilləşdirilməlidir?

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da biznesin inkişafı bunun üçün yaradılmış mühitdən, qanunvericilik bazasından çox asılıdır.

Ölkədə sahibkarlıq fəaliyyəti üçün hüquqi çərçivə müxtəlif qanunlardan və normativ-hüquqi aktlardan ibarətdir.

Bəs onlar nə dərəcədə əlverişlidir? Azərbaycanda biznesin inkişafı üçün qanunvericilik necə təkmilləşdirilməlidir? "Report" bununla bağlı iqtisadçı-ekspertlərin rəyini öyrənib.

“İqtisadi mübahisələr üzrə məhkəmələr yaradılsın”

Onlardan biri - Eldəniz Vəliyevin sözlərinə görə, Azərbaycanda bəzi hallarda qanunvericilikdə təkmilləşdirilmə işləri aparılmasına ehtiyac var: "Məsələn, iqtisadi mübahisələr üzrə məhkəmələriyaradılması, elektron məhkəmə sisteminin müasirləşdirilməsi, bizneslə bağlı işlərin bilavasitə sahibkarlara real vaxt rejimində təklif edilməsi ölkəmizdə biznes fəaliyyəti üçün ekosistemi təkmilləşdirmiş olar.

"Azərbaycanda lisenziya və icazələrin verilməsi əvvəlki dövrlərlə müqayisədə təkmilləşdirilib və sadələşdirilib. Lisenziya və icazələrin sayı azalıb. Lakin bu proses davamlı olmalıdır. Bundan əlavə, vergi qanunvericiliyinə münasibətdə fərqli yanaşmaya ehtiyac var. Vergi Məcəlləsi bu qədər tez-tez dəyişdirilməməlidir. Sahibkar investisiya yatırarkən uzunmüddətli dövrü hədəfləyir. Hər il dəyişikliyə məruz qalan Vergi Məcəlləsi investorun uzunmüddətli proqnozlar ortaya qoymasına imkan vermir. Sabit məcəllə olmayacağı təqdirdə sahibkarlar ölkəyə investisiya yatırmağa ehtiyat edəcəklər”, - deyə o əlavə edib.

"Məhkəmə sisteminin müasirləşdirilməsi zəruri şərtlərdən biridir"

İqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədov isə hesab edir ki, son 20 ildə Azərbaycanda biznes sektorunun hüquqi tənzimlənməsi sahəsində mühüm islahatlar həyata keçirilib və qanunvericilik bazası əhəmiyyətli dərəcədə təkmilləşdirilib: “Bu proses ölkənin iqtisadi inkişaf strategiyası, sahibkarlığın təşviqi və investisiya mühitinin yaxşılaşdırılması məqsədlərinə uyğun şəkildə aparılıb. Qəbul edilən normativ hüquqi aktlar, beynəlxalq standartlara uyğunlaşma və inzibati prosedurların sadələşdirilməsi bu sahədə mühüm irəliləyişlərə yol açıb. Xüsusilə, “Sahibkarlıq fəaliyyəti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlar kimi əsas hüquqi sənədlər zamanla yenilənib, daha çevik, biznesə dost yanaşmalar tətbiq olunub. Elektron hökumət xidmətlərinin genişləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi, biznesin qeydiyyat prosesinin sürətləndirilməsi və vergi bəyannamələrinin elektron formada təqdim olunması sahibkarlıq mühitini əhəmiyyətli dərəcədə asanlaşdırıb. Lakin burada əsas məsələ yalnız qanunların mövcudluğu deyil, onları aidiyyəti qurumların necə tətbiq etməsidir. Qanunun tətbiqi ilə bağlı institusional mexanizmlərdəki boşluqlar və nəzarət mexanizmlərinin zəifliyi, bir çox hallarda sahibkarların hüquqlarını tam şəkildə müdafiə edə bilməməsi ilə nəticələnir”.

"Digər mühüm problem isə məhkəmə sistemindəki struktur və funksional boşluqlardır. Səmərəli məhkəmə sistemi olmadan sahibkarların hüquqlarının qorunması, mülkiyyət toxunulmazlığı və müqavilə öhdəliklərinin icrası təmin oluna bilməz. Bu baxımdan, məhkəmə sisteminin müasirləşdirilməsi zəruri şərtlərdən biridir. Məhz bu səbəbdən, məhkəmə-hüquq islahatları yalnız hüquqi sistemin təkmilləşdirilməsi deyil, ümumilikdə biznesin inkişafı üçün strateji prioritet kimi nəzərdən keçirilməlidir”, - deyə o əlavə edib.

Orphus sistemi