2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq inzibati xətalara dair 48 protokol tərtib edib.
"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, protokollar 25 hüquqi və 8 fiziki şəxsi əhatə edib.
İnzibati xətaların mahiyyəti istehsal qüsurlu və keyfiyyətsiz məhsulun dəyişdirilməməsi və yaxud qaytarılmaması, qeyri-qida məhsulunun onun üzərində göstərilmiş qiymətdən baha satılması, satışda olan malların qiymətlərinin manatla göstərilməməsi, vətəndaşlarla bağlanılan müqavilələrdə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərt daxil edilməsi, menyunun qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması, istehlakçının hesabda aldadılması, sifariş verilmiş bağlamanın bəyan edilmiş müddətdə çatdırılmaması, eləcə də müxtəlif nöqsanlarla bağlı Dövlət Xidmətinin yazılı göstərişinə əməl edilməməsi olub.