Bakı. 9 İyul. REPORT.AZ/ "Avropa Oyunlarını qəbul etdiyinə və ən yüksək səviyyədə keçirdiyinə görə Azərbaycana minnətdar olmaq lazımdır".
"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri aparıcı xarici kütləvi informasiya vasitələrinin jurnalistləri ilə görüşündə Rusiyanın idman naziri, 2018-ci il futbol üzrə Dünya çempionatı Təşkilat Komitəsinin sədri Vitali Mutko bildirib.
O deyib ki, ölkələrin böyük idman yarışlarını keçirmək uğrunda mübarizəni necə apardığını və bu hüququ necə qazandığı barədə yersiz müzakirə etməkdənsə, bu ölkələrə təşəkkür bildirmək lazımdır: "Hazırda dünya çempionatını keçirmək hüququnu düzgün olaraq qazandığımız haqda çoxlu müzakirələr aparılır. Ölkələrin böyük turnirləri keçirmək hüququnu necə qazandıqları haqda mübahisələr keçirməkdənsə, onlara minnətdar olmaq lazımdır ki, bu məsuliyyəti öz üzərilərinə götürürlər. Onların qarşısında baş əymək lazımdır. Çinə minnətdar olmaq lazımdır ki, bu ölkə Yay Olimpiadasından sonra bir neçə belə tədbiri keçirib. Avropa Oyunlarını qəbul etdiyinə və ən yüksək səviyyədə keçirdiyinə görə Azərbaycana minnətdar olmaq lazımdır. Bu, idman və ümumilikdə infranstrukturun inkişafı istiqamətində atılan böyük addımlardır", - deyə o bildirib.