Bakı. 17 noyabr. REPORT.AZ/ Ümumdünya Antidopinq Agentliyi (WADA) "Bakı 2015" I Avropa Oyunları ilə bağlı müstəqil müşahidəçilərin hesabatını dərc edib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, hesabatda Oyunlar müddətində 1024 dopinq-testinin götürüldüyü və bunlardan 105-nin qan analizi olduğu bildirilir.
36 əməkdaş və 70 könüllü tərəfindən aparılan testlər 50 iştirakçı ölkədən 46-nın 820 idmançısını əhatə edib. Analizlər WADA-da akreditə olunmuş Moskva və Zaybersdorf laboratoriyalarında aparılıb. Nəticədə 2 idmançının orqanizmindən istifadəsi qadağan olunmuş dərman izləri tapılıb. Bunlar Albaniya boksçusu Reşildo Zeneli və Azərbaycan atleti Çaltu Beci olub.
Hesabatın yekununda vurğulanır ki, Avropa Oyunları ilk dəfə təşkil olunsa da, EOC-un "Bakı 2015"dəki texniki peşəkarlığı və antidopinq proqramının həyata keçirilməsindəki innovativ aspektləri yüksək qiymətə layiqdir. WADA irəli sürdüyü tövsiyələrinə 2019-cu ildə keçiriləcək II Avropa Oyunlarında da baxılmasından məmnun olacağını bildirərək, Bakıda uğurla əsası qoyulmuş antidopinq planının davam etdirilməsi istiqamətində növbəti təşkilatçı şəhərlə əməkdaşlığa özünü hazır sayıb.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda keçirilib.