Bakı. 29 may. REPORT.AZ/ "Birinci Avropa Oyunları həm Azərbaycan, həm də Avropa üçün əhəmiyyətlidir. Biz bu oyunların ölkəmizdə keçirilməsindən qürur duyuruq". "Report" xəbər verir ki, bunu "Euroactiv.com" saytına müsahibəsində Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib.
S.Həsənovanın sözlərinə görə, I Avropa Oyunları Azərbaycanla Avropa arasında əlaqələrin inkişafına daha da şərait yaradacaq: "Azərbaycanda 10 milyona yaxın insan yaşayır. Ölkəmiz o qədər də böyük deyil, amma açıq iqtisadiyyatımız var. Xarici əlaqələr bizim ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu oyunlar Avropa ilə əlaqələr üçün əlavə imkanlar yaradır".
"Biz Azərbaycanı turizm mərkəzinə çevirməyə çalışırıq. İqtisadiyyatımız getdikcə inkişaf edir. Birinci Avropa Oyunları ölkəmizin mədəniyyətini, gözəlliklərini, tarixini nümayiş etdirmək üçün bir fürsətdir", - deyə nazir müavini bildirib.
"Bizim iqtisadiyyat neftdən asılıdır, rezervlərimiz də var, hansılar ki, biz onlardan istifadə edirik. Neft pullarını gələcək nəsillər üçün qorumağa çalışırıq. Buna görə də, 1999-cu ildə Neft Fondunu yaratdıq. Doğrudur, neftin ucuzlaşması inşaat layihələrinin sürətinə və investisiya layihələrinin gücünə mənfi təsir edir. Amma gördüyünüz kimi inşaat işləri davam edir, amma bu təkcə dövlətın apardığı inşaat deyil. Özəl sektorda da inşaat işləri uğurla gedir. Son 6 ildə MDB ölkələri arasında rəqabətliliyə görə liderik", - deyə S.Həsənova əlavə edib.