"Minsk 2019" II Avropa Oyunlarının məşəli yandırılıb - FOTO - YENİLƏNİB

"Minsk 2019" II Avropa Oyunlarının məşəli yandırılıb - FOTO - YENİLƏNİB Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarının açılış mərasimi keçirilib. Reportun Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, 22 min tamaşaçı tutumlu Dinamo Milli Olimpiya Stadionunda təşkil olunmuş tədbir Belarusun dövlət bayrağının səhnəyə gətirilməsi ilə başlanıb. Ölkənin dövlət himni səsləndirildikdən sonra Kupalye epizodu nümayiş etdirilib. Daha sonra idmançıların paradı gerçəkləşib.
Avropa Oyunları
22 İyun , 2019 01:35
Minsk 2019 II Avropa Oyunlarının məşəli yandırılıb - FOTO - YENİLƏNİB

Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarının açılış mərasimi keçirilib. "Report"un Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, 22 min tamaşaçı tutumlu "Dinamo" Milli Olimpiya Stadionunda təşkil olunmuş tədbir Belarusun dövlət bayrağının səhnəyə gətirilməsi ilə başlanıb. Ölkənin dövlət himni səsləndirildikdən sonra "Kupalye epizodu" nümayiş etdirilib. Daha sonra idmançıların paradı gerçəkləşib.

Ardından "Qıjı çiçəklənəndə" adlanan şou başlanıb. Bu şou azarkeşlərə çoxlu sürpriz bəxş edib. Onlardan ən əsası, mərasimə əlavə olunmuş reallıq texnologiyalarının daxil edilməsi olub.

Tədbirdə məxsusi olaraq, təşkilatçılar "Opening Ceremony AR Experience" əlavəsini daxil ediblər. Əfsanəyə görə, Kupala gecəsində meşə kasasında yalnız bir anlıq ayıdöşəyi çiçəyi işıqlanır. İnanclara əsasən, kim bu çiçəyi iyləsə, dünyanın bütün sirlərini bilir. O, bitkilərin və heyvanların dilini anlamağa başlayır, gizli xəzinələri tapır, keçmişə və gələcəyə boylana bilir. Açılış mərasimində məhz qıjı çiçəyi barədə gözəl əfsanədən bəhs olunub. Bunun əsas arzuya - güc verən və ürəkdə alovu yandıran cəsarətli ideyaya can atma simvolu olduğu vurğulanıb. Mifik gül ən gözəl arzuları yerinə yetirməyə qadirdir. Amma onu sınaqlardan keçən, cəsur və ürəyi təmiz şəxs əldə edir. Tədbirdə qıjı çiçəyinin axtarışlarına birgə yollanmaq və qədim əfsanənin hansı mesajı verdiyini anlamaq təklif olunub.

Mərasimin baş prodüseri İqor Krutoy, quruluşçu rejissoru Aleksey Seçenov olub.

Bundan sonra Belarusun tarixi və əfsanələrindən bəhs edən video-çarxlar nümayiş etdirilib.

Mərasimin rəsmi hissəsində BMT-nin baş katibi Antonio Quterresin video-müraciəti səsləndirilib. Avropa Olimpiya Komitələrinin (EOC) bayrağı gətirilərək qaldırılıb. Bayrağı belaruslu məşhur veteran idmançılar Yelena Belova, İqor Makarov, Nikolay Kozeko, Aleksandr Romankov, Alla Tsuper və Yanina Karolçik-Pravalinskaya daşıyıb.

Bu zaman qazaxıstanlı müğənni Dimaş Kudaybergen mahnı ifa edib.

"Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanmış belaruslu qadın güləşçi Vasilisa Marzalyuk idmançılar, Artur Fando hakimlər və Olqa Vlasova məşqçilər adından and içib.

Bundan sonra EOC prezidenti Yanez Kotsiyançiç çıxış edib. O bildirib ki, Belarusda belə bir yarışın keçirilməsi böyük şərəfdir: "Bütün dünyanın diqqəti bu Oyunlara cəmlənib. Bəzi idmançılara Tokio üçün yol reallığa çevrilə bilər. Ən yaxşı idmançılar 2020-ci il Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər".

Sloveniyalı funksioner vurğulayıb ki, qarşıda hər kəsi 10 günlük yüksək səviyyəli yarış gözləyir.

Rusiyalı Anna Netrebko fortepianoda İqor Krutoyun və əslən azərbaycanlı əri Yusif Eyvazovun ifasında duet oxuyub.

Belarus prezidenti Aleksandr Lukaşenko çıxışında belə nəhəng layihəni həyata keçirməkdən qürur hissi keçirdiklərini vurğulayıb. Lukaşenko bildirib ki, belaruslu idmançıların "Minsk 2019" II Avropa Oyunlarındakı uğurları ölkə üçün böyük nailiyyət sayılacaq. O, bütün yarış iştirakçıları və qonaqları salamlayaraq, II Avropa Oyunlarını açıq elan edib.

Sonda olimpiya çempionları və mükafatçıları Darya Domraçeva, Aleksey Qrişin, Maksim Mirnıy, Yuliya Nesterenko, Roman Patruşenko Nadejda Skardino və Dmitri Dovqalyonok alov qabında sülh məşəli yandırılıb. Bununla da açılış mərasimi yekunlaşıb.

Qeyd edək ki, iyunun 30-dək davam edəcək II Avropa Oyunlarında 50 ölkədən 4000-dək idmançı 15 növ üzrə mübarizə aparacaq. Bu növlərdən 2-si - cüdo və boks Avropa çempionatı səviyyəsində keçiriləcək, 8-i isə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Onlar 12 idman obyektində 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Oyunlar dünyanın 148 ölkəsinə yayımlanacaq.

Mərasim atəşfəşanlıqla başa çatıb


***23:00

Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarının açılış mərasimi başlanıb. 

"Report"un oyunlara ezam olunmuş əməkdaşının məlumatına görə, mərasimə Belarus prezidenti Aleksandr Lukaşenko da qatılıb.

Təntənəli tədbirdə Azərbaycanı rəsmi şəxslərdən Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətində Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub EyyubovHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər yer alıb.

Son xəbərlər

Orphus sistemi