Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan
Tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri, "Bakı-2015" birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və komitənin digər üzvləri, o cümlədən müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edib. Nazir müavini Etibar Mirzəyev əvvəlcə tədbir iştirakçılarına Birinci Avropa Oyunları ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaratdığı qərargah haqqında məlumat verib. Bakı Olimpiya Stadionu və ətraf ərazinin taktiki-maketi ilə tanış olan tədbir iştirakçıları həm burada, həm də yarışların keçiriləcəyi digər idman arenalarında görülən təhlükəsizlik tədbirləri barədə məlumatlandırılıb: "Nazirlik baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün bütün zəruri tədbirləri görüb və bu istiqamətdə Avropa Oyunları Əməliyyat Komitəsi ilə sıx əməkdaşlıq edir".
"Bakı-2015" birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq görülən işlərdən razılığını bildirərək Birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığını ifadə edib.
Sonra Avropa Oyunları ilə bağlı qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.