Azərbaycandan xarici ölkələrə xurma ixracı kəskin azalıb.
Bunu “Report”a Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov deyb.
O bildirib ki, Azərbaycan istehsalı olan xurmaların əsas satış bazarı Rusiya və Ukraynadır: “Hazırda isə həmin ölkələrdə alıcılıq qabiliyyəti kəskin azalıb. Məhsullarımız satılmır. Ölkədə anbarlarımız xurma ilə tam doludur. Demək olar ki, xaricə məhsulumuzu sata bilmirik. Dəfələrlə müvafiq dövlət qurumlarının qarşısında Assosiasiya məsələ qaldırıb ki, yeni bazarlara çıxış imkanlarının artırılmasında fermerlərə və ixracatçılara kömək göstərilsin. Lakin bu istiqamətdə əsaslı iş aparılmayıb. Xurma ixracında başqa bazarlarımız olmadığına görə, hazırda vəziyyət çox ağırdır. Son 20 gündə Rusiya və Ukraynada satış 40 %-ə qədər azalıb”.
Q.Yusifov əlavə edib ki, hazırda 10 min tonlarla xurma ölkə ərazisində soyuducu anbarlarında gözləyir: “Bu məhsulun 20 gün müddətində satılması çox vacibdir. Əks halda, xurmadan ölkəyə daxil olan valyuta gəlirlərində azalma müşahidə ediləcək”.
Xatırladaq ki, 2020-ci ildə 91,6 mln ABŞ dolları dəyərində 125 771,8 ton xurma ixrac edilib.