Tbilisi. 4 mart. REPORT.AZ/ Bu gün Gürcüstanın Rustavi şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin adından Gəncə Avtomobil Zavodunun istehsalı olan 10 yeni "Belarus" traktorunu Kvemo Kartli regionunun nümayəndələrinə verib.
"Report" xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti ötən ilin noyabr ayında Gürcüstana son səfəri və Kvemo Kartli regionunun sakinləri qarşısında çıxışı zamanı regionun bütün xalq təsərrüfatı infrastrukturunun inkişafına, o cümlədən kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlı məsələlərdə hərtərəfli mümkün yardımın göstərilməsi ilə bağlı ideyayla çıxış etmişdi. Bu gün Azərbaycan Prezidentinin tapşırıqlarından biri həyata keçirilir.
Belə ki, SOCAR tərəfindən Kvemo Kartli Quberniyasının Administrasiyasına qarşılıqsız olaraq 10 komplekt kənd təsərrüfatı texnikası (10 "Belarus" traktoru və 10 kotan) verilib.
Kvemo Kartli Quberniyasının Administrasiyası ilə imzalanmış memoranduma əsasən, verilən bu kənd təsərrüfatı texnikası istifadəsi zamanı yalnız sosial təyinatlı olacaq.