Naxçıvan MR-da yüksək məhsuldarlığa malik yerli toxum fondu yaradılacaq. Bu məqsədlə elmi, aqrotexniki və təşkilati tədbirlər görüləcək.
“Report” xəbər verir ki, bu, “Bərəkət Toxumçuluq” MMC-nin əsasında bu gün publik hüquqi şəxs kimi yaradılmış, yerli Nazirlər Kabinetinin tabeliyindəki “Naxçıvan Toxumçuluq Mərkəzi”nin Nizamnaməsində öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, Mərkəzin aşağıdakı digər vəzifələri və hüquqları var:
- dövlət reyestrinə daxil edilmiş müxtəlif kənd təsərrüfatı bitki sortları üzrə toxumların istehsalı, tədarükü, idarə olunması və satışı ilə bağlı təkliflər hazırlamaq;
- muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun toxum istehsalını və tədürükünü həyata keçirmək;
- toxum ehtiyatlarının yaradılması məqsədi ilə istehsal və tədarük olunacaq toxumun çeşidi, həcmi və hər təsərrüfat ili üzrə satışı barədə təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etmək;
- muxtar respublikada fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri ilə birlikdə yerli toxum sortlarını araşdırmaq, bərpa etmək və yaymaq;
- toxumun keyfiyyətli və təhlükəsiz saxlanılmasına nəzarət etmək, satışını təşkil etmək;
- orta bazar qiymətləri nəzərə alınmaqla toxum satışı barədə kütləvi informasiya vasitələrində elanlar dərc etdirmək;
- istehsal və tədarük edilən toxumların dövlət standartlarına uyğun olaraq sortlar və reproduksiyalar üzrə qablaşdırılmasını və etiketləşdirilməsini təmin etmək;
- Mərkəzə tədarük edilmiş toxumun yenidən işlənilməsini (toxumun qurudulması, kimyəvi və bioloji preparatlarla işlənilməsi, soyudulması, təmizlənməsi və s.) həyata keçirmək;
- təbii itkilər (quruma, yerdəyişmə və digər səbəblərdən yaranan itkilər nəzərdə tutulur) nəticəsində Mərkəzdə saxlanılan toxumun miqdarında azalma barədə aidiyyəti üzrə məlumat vermək və müvafiq qaydada yenisi ilə əvəz olunmasını təmin etmək;
- Mərkəzdə saxlanan toxumun sığortalanmasını təşkil etmək;
- dövlət reyestrinə daxil edilmiş yüksək məhsuldar bitki sortlarının toxumlarının istehsal edilməsi ilə bağlı təkliflər hazırlamaq;
- daxili bazarda toxum çatışmazlığının, habelə qiymət artımının qarşısının alınması sahəsində təkliflər hazırlamaq və tədbirlər həyata keçirmək;
- qabaqcıl təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
- Mərkəzin vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
- Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
- Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.