Məcnun Məmmədov: "COP29 Azərbaycanda aqrar siyasəti beynəlxalq təcrübəyə uyğunlaşdıracaq"

Məcnun Məmmədov: "COP29 Azərbaycanda aqrar siyasəti beynəlxalq təcrübəyə uyğunlaşdıracaq" BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda aqrar və ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında və daha geniş iqt
ASK
29 Mart , 2024 11:28
Məcnun Məmmədov: COP29 Azərbaycanda aqrar siyasəti beynəlxalq təcrübəyə uyğunlaşdıracaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda aqrar və ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında və daha geniş iqtisadi inkişaf üçün maliyyə dəstəyinin təmin edilməsində mühüm rolu olacaq.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qubada keçirilən 3-cü “Aqrobiznesin İnkişafı Forumu”nda bildirib.

Nazir deyib ki, bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək: "Bu baxımdan Forumun gündəliyində Yaşıl maliyyə və iqlimə davamlılıq üzrə həyata keçiriləcək tədbirlər Paneli yer alır. Həmin paneldə qlobal iqlim dəyişikliyinin aqrar və ekoloji sahəyə təsirlərinin azaldılması, bu istiqamətdə dövlət tərəfindən icra edilən layihə və proqramlar, beynəlxalq təcrübədə tətbiq edilən innovativ üsullar, eləcə də bu istiqamətdə özəl sektorun rolu mövzuları ətrafında müzakirələr aparılacaq".

M.Məmmədov iqlim dəyişikliyinin təsirləri ilə bağlı məsələyə münasibət bildirib: "Qlobal iqtisadiyyatda aqrar sahənin inkişafına təsir edən başlıca amillərdən biri məhz iqlim dəyişikliyidir. Torpaq və su resurslarının məhdud olduğu Azərbaycan da iqlim dəyişkliklərinin mənfi təsirinə ən çox məruz qalan ölkələrdəndir. Bu səbəbdən ölkə başçısı tərəfindən sosial-iqtisadi inkişafa dair baxış və strategiya müəyyən edilərkən, ekoloji dayanıqlığa və “yaşıl artım”a diqqət prioritetlərdən biri kimi qəbul edilir. Bu baxımdan 2024-cü il Prezidentin müvafiq sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, torpaq və su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır".

Nazir vurğulayıb ki, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Son xəbərlər

Orphus sistemi