BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyi Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının dayanıqlı inkişafı və perspektivləri, əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı layihənin icrasına başlayıb.
Bunu “Report”a açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev bildirib.
“Bu, çox qısamüddətli qiymətləndirmə layihəsi olsa da, aparılan araşdırmalar ehtiyacların müəyyən olunmasına kömək edəcək ki, bu da gələcəkdə həmin regionda daha böyük layihələrin icra edilməsinə imkan verəcək. Ümumiyyətlə, Naxçıvanda kənd təsərrüfatı resurslarından istifadə üçün iriməbləğli layihələrin icrası nəzərdə tutulur”, - deyə o qeyd edib.
“Azərbaycanın bütün regionları diqqətimizdədir. Bütün layihələr hökumətlə danışıqlar əsasında reallaşdırılır. Biz hökumətə dəstək vermək üçün burdayıq”, - deyə B.Mehdiyev əlavə edib.