Bu ilin 5 ayı ərzində ölkə üzrə 5 milyon manatdan artıq aqrar sığorta haqqı toplanıb.
Bu barədə “Report”a açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.
F.Sadıqov bildirib ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 50-60 % çoxdur:
“Belə ki, ötən ilin ilk 5 ayı ərzində ölkə üzrə 3 milyon manat aqrar sığorta haqqı yığılmışdı. 2020-ci il ərzində isə ölkə üzrə toplanan aqrar sığorta haqqının məbləği cəmi 6 700 manat idi. 2022-ci ilin 5 ayı ərzində bu məbləğin 5 milyon manatdan çox olması bazarın hansı həcmdə böyüdüyünü göstərir. İlin sonuna proqnozlaşdırdığımızdan artıq sığorta haqqı toplayacağımız ehtimal olunur. Bunun da əsas səbəbi odur ki, fermerlərimiz aqrar sığorta xidmətlərindən istifadə etməyə maraq göstərir. Onlar görür ki, hansısa zərər olanda dövlətə müraciət edir və müsbət reaksiya alırlar”.
Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən Azərbaycanda heyvandarlıq, bitkiçilik və akvakultura məhsullarının sığortalanması həyata keçirilir. Heyvandarlıq məhsulları olaraq 11-ci gündən 7 yaşa qədər südlük mal-qara (inəklər və camışlar), 11-ci gündən 3 yaşa qədər ətlik mal-qara (danalar), 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər), bitkiçilik məhsulu olaraq taxıllar, paxlalılar və yağlı bitkilərdə – dən, lifli bitkilərdə – lif, əsas məhsulu kök və dibində olan bitkilərdə - kök və dib, əsas məhsulu yarpaq olan bitkilərdə - yarpaq, meyvəsi yeyilən bitkilərdə - meyvə, yem bitkilərində - bütün yaşıl hissə sığortalanır. Akvakultura məhsulu kimi balıqlar aqrar sığorta predmeti hesab edilir.