Azərbaycanda aqrar sektor 1 % böyüyüb
- 19 yanvar, 2026
- 14:23
2025-ci ildə Azərbaycanda 14 milyard 189,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 0,9 % çoxdur.
Ötən il ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri əvvəlki ilə nisbətən 1,5 % artaraq 6 milyard 748,5 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 0,3 % artaraq 7 milyard 441 milyon manat təşkil edib.
2025-ci ildə Azərbaycanda qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 375,5 min ton və yaxud 2024-cü ilə nisbətən 3 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 769,4 min ton və yaxud 3,8 % az tərəvəz, 1 milyon 394,4 min ton və yaxud 5,8 % çox meyvə və giləmeyvə, 924,7 min ton və yaxud 0,3 % az kartof, 459 min ton və yaxud 6,4 % az bostan
məhsulları, 363,2 min ton və yaxud 16,8 % çox pambıq, 328,5 min ton və yaxud 13,2 % çox şəkər çuğunduru, 210,9 min ton və yaxud 2,8 % çox üzüm, 31,8 min ton və yaxud 1,9 % çox günəbaxan, 8,4 min ton və yaxud 28,9 % çox tütün, 1,2 min ton və yaxud 12,7 % çox yaşıl çay yarpağı yığılıb.
Ötən il ölkədə diri çəkidə 659,2 min ton ət, 2 milyon 305,9 min ton süd, 2 milyon 342,9 milyon ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olunub. Əvvəlki illə müqayisədə yumurta istehsalı 1,8 %z, süd istehsalı 0,3 % artıb, ət istehsalı eyni səviyyədə qalıb, yun istehsalı 1,3 %, barama istehsalı 22,1 % azalıb.