Azərbaycan Belarusla kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, bu sahədə ən müasir texnologiyaların transferi, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi məsələlərini müzakirə edib.
“Report” xəbər verir ki, bu müzakirələr kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Azərbaycanda səfərdə olan Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
M.Məmmədov aqrar sahədə ölkədə aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib.
Nazir Qafqaz regionunda ən böyük beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” sərgisində Belarusun milli pavilyonla təmsil olunması və bu ölkənin 40 şirkətinin sərgidə iştirakından məmnunluğunu ifadə edib. Görüş zamanı bu sərgilərin aqrar sahədə fəaliyyət göstərən iş adamları və fermerlərin yeni məhsul və texnologiyalarla tanış olmasına şərait yaratdığını, beynəlxalq sərgilərdə qarşılıqlı fəal iştirakın iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı daha da gücləndirəcəyi vurğulanıb.
Görüşdə işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlığa hazır olduğu, bu sahədə Belarusun təcrübəsindən yararlanmağın mümkünlüyü qeyd olunub.
S. Bartoş öz növbəsində Belarusun Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb. Qonaq aqrar sahədə əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir.
Tərəflər aqrar sahədə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.